Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın atəşkəs elanından dörd saat sonra İsrail Baş nazir Benjamin Netanyahunun ofisi ABŞ ilə İran arasında atəşkəsi alqışlayan bəyanat yayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Netanyahu razılaşmanı təqdir etməsinə rəğmən, onun Livanı əhatə etmədiyini diqqətə çatdırıb.
“İki həftəlik atəşkəs Livanı əhatə etmir,” – deyə baş nazirin ofisi əlavə edib.
Bəyanatda qeyd olunur ki, İsrail həmçinin ABŞ-nin İranın artıq Amerikaya, İsrailə, İranın ərəb qonşularına və dünyaya nüvə, raket və terror təhdidi yaratmamasını təmin etməyə yönəlmiş səylərini dəstəkləyir.
“İsrail Prezident Trampın İrana qarşı zərbələri iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir; bu qərar İranın dərhal boğazları açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərtinə bağlıdır,” – deyə Baş nazirin ofisinin bəyanatında bildirilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.
