...

2026-cı ilin I rübündə Azərbaycanın enerji sektorunun əsas hadisələrinin İCMALI

Energetika Materials 7 Aprel 2026 19:21 (UTC +04:00)
2026-cı ilin I rübündə Azərbaycanın enerji sektorunun əsas hadisələrinin İCMALI
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın enerji sektorunda 2026-cı ilin I rübündə baş vermiş əsas hadisələrin icmalını təqdim edir.

Qaz sektoru

4 yanvar tarixində Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr təbii qazın tədarükünə dair yeni saziş imzalanıb.

Azərbaycan 2026-cı il üzrə neft və qaz yataqlarından əldə olunacaq gəlirlərə dair proqnozlarını təqdim edib. 2026-cı ildə karbohidrogenlərin satışından xalis daxilolmaların 5,03 milyard ABŞ dolları (8,551 milyard manat) təşkil edəcəyi gözlənilir. 2026-cı il üzrə proqnoz göstəricisi 2024-cü ilin faktiki daxilolmalarından 2,910 milyard manat və ya 25,4% az, 2025-ci ilin proqnoz göstəricisindən isə 1,246 milyard manat və ya 12,7% aşağıdır.

Hesablama Palatası Azərbaycanın 2026-cı ildə neft və qaz tranzitindən əldə edəcəyi gəlirlərə dair proqnozu açıqlayıb. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) 2026-cı il büdcəsində ölkə ərazisindən neft və qazın tranzitindən əldə olunan gəlirlərin 2,2 min ABŞ dolları və ya 3,7 min manat səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2024-cü ilin faktiki icrasından 0,5 milyon manat az, 2025-ci il üzrə təsdiq olunmuş proqnozdan 25,4 milyon manat aşağıdır və 2025-ci il üzrə gözlənilən daxilolmalarla təxminən eyni səviyyədədir.

20 yanvar tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Abu-Dabi Milli Neft Şirkətinin “ADNOC Group”un “Upstream” bölməsinin baş icraçı direktoru Musabbeh Al Kaabi “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə ediblər.

19 fevral tarixində Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz-kondensat yatağının operatoru olan bp şirkəti SOCAR AQS və ABŞ-nin “Helmerich & Payne” (H&P) şirkətlərinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” LLC ilə platforma qazma qurğularının istismarı və texniki xidmətinə dair müqavilənin uzadıldığını elan edib.

3 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi və “yaşıl enerji" üzrə Məşvərət Şuralarının iclasları keçirilib.

İclas çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Xorvatiyanın “Energia Naturalis d.o.o.” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

5 mart tarixində SOCAR, tərəfdaşı “Asarel Group” ilə birlikdə Bolqarıstanın Panagyurişte şəhərində qazpaylayıcı şəbəkənin tikintisi layihəsi üzrə ilkin mühəndis layihələndirilməsi və layihə sənədlərinin hazırlanmasını (Front End Engineering Design – FEED) başa çatdırıb.

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, cari ilin yanvar-fevral aylarında Azərbaycan 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.

“Abşeron” yatağında təbii qaz hasilatına başlanma tarixi açıqlanıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının tam işlənməsi çərçivəsində ilk təbii qazın hasilatına 1 sentyabr 2029-cu ildə başlanması nəzərdə tutulur.

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 8,187 milyard kubmetr təbii qaz hasil edilib.

Neft sektoru

8 yanvar tarixində SOCAR və Fransanın “TotalEnergies” şirkəti “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə ediblər.

9 yanvar tarixində Azərbaycandan Ermənistana ümumilikdə 2698 ton yük (48 vaqon) göndərilib – 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı.

Həmin gün bp şirkəti Xəzər dənizində, “Dərin Sulu Günəşli” (Deepwater Gunashli) yatağında quyularda yüngül müdaxilə əməliyyatlarının aparılması üçün ilk gəminin (Light Well Intervention Vessel – LWIV) ayrılmasına hazırlıq gördüyünü elan edib.

11 yanvar tarixində Azərbaycandan Ermənistana 979 ton Aİ-92 markalı avtomobil benzini yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Azərbaycan “Azəri-Çıraq-Günəşli” üzrə 2026-cı il üçün hasilat proqnozunu açıqlayıb. Belə ki, 2026-cı ildə bu yataq üzrə neft hasilatının 120,1 milyon barel səviyyəsində olacağı gözlənilir ki, bu da 2025-ci ilin göstəricisindən (123 milyon barel) 3 milyon barel azdır.

2026-cı ildə “Azəri-Çıraq-Günəşli” yatağından əldə olunacaq gəlirlər də proqnozlaşdırılıb. Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) bu yataqdan gəlirləri 2026-cı ildə 4,236 milyard ABŞ dolları səviyyəsində gözlənilir.

12 yanvar tarixində SOCAR “Quality & Document Management System” (QDMS) platformasını istifadəyə verib.

SOFAZ-ın İtaliyadakı investisiya portfelinin bazar dəyəri açıqlanıb. Hazırda bu portfelin bazar dəyəri 2,8 milyard ABŞ dolları təşkil edir.

13 yanvar tarixində “China National Chemical Engineering Co., Ltd.” (CNCEC) şirkətinin baş ofisində keçirilən görüşdə CNCEC-in sədri Mo Dinhe, “SOCAR Türkiye”nin neft emalı və neft-kimya biznes istiqamətinin rəhbəri, həmçinin “Petkim”in baş direktoru Kənan Mirzəyev ilə müzakirələr zamanı bildirib ki, şirkət SOCAR ilə əməkdaşlığı, o cümlədən beynəlxalq bazarlara çıxış sahəsində dərinləşdirməyə hazırdır. O, enerji və kimya sahələrində uzunmüddətli strateji əməkdaşlığın, eləcə də regional iqtisadi inkişafın birgə təşviqinin vacibliyini vurğulayıb.

SOCAR Kulevi terminalında 2026-cı il üzrə iş planını açıqlayıb. Belə ki, 2026-cı ildə bu terminalda yeni rezervuar parkının tikintisinə başlanması və işlərin 2027-ci ilin ortalarınadək başa çatdırılması planlaşdırılır.

16 yanvar tarixində SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb.

20 yanvar 2026-cı il tarixində SOFAZ dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti “BlackRock” və onun törəmə qurumu “Global Infrastructure Partners” (GIP) ilə strateji əməkdaşlıq haqqında protokol imzalayıb. Sənəd çərçivəsində infrastruktur və rəqəmsal layihələrə 1,5 milyard ABŞ dollarınadək investisiya nəzərdə tutulur.

Həmin gün SOCAR Carbamide zavodu Dünya İqtisadi Forumunun (WEF) nüfuzlu “Global Lighthouse” şəbəkəsinə qəbul edilib və forumun “Digital Lighthouse” mükafatına layiq görülüb.

Eyni zamanda SOCAR ilə “Planet Labs PBC” şirkəti arasında qabaqcıl peyk təsvirləri və geospatial analitikadan ətraf mühitin monitorinqi üçün istifadə imkanları müzakirə olunub.

22 yanvar tarixində SOCAR İtaliyanın Eni S.p.A. şirkəti ilə Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunmasına dair saziş imzalayıb.

26 yanvar tarixində SOCAR-ın qazma tresti “Qərbi Abşeron” yatağında növbəti quyunun qazılmasını başa çatdırıb.

28 yanvar tarixində Ərəb Enerji Fondu və Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) CVC DIF şirkəti ilə birgə investisiya mexanizminə sərmayə qoyuluşu üçün tərəfdaşlıq elan ediblər. Bu mexanizm DIF VII fondu ilə paralel investisiyalar həyata keçirir. Qeyd edək ki, sözügedən fond daha əvvəl BƏƏ-də mərkəzləşdirilmiş soyutma xidmətləri sahəsində aparıcı operatorlardan biri olan “PAL Cooling Holding” şirkətinin 50 faiz payını əldə edib.

Həmin gün SOCAR ilə Çinin CITIC Construction Co., Ltd. şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

SOCAR əlavə məsafədən nəzarət metodlarının, o cümlədən dronların tətbiqini, həmçinin digər aktivlərin qiymətləndirilməsi üçün məlumatların modelləşdirilməsindən istifadə imkanlarını nəzərdən keçirir.

Azərbaycanda Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cı ildə 1,4 milyon ton “Euro-5” standartlı benzin və 2,3 milyon ton dizel yanacağının istehsalı planlaşdırılır.

2026-cı ildə Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun “Şərqi Azəri” platformasında yeni çoxşaxəli quyunun qazılması planlaşdırılır.

6 fevral tarixində Avropa Komissiyası Aİ-nin birləşmələr haqqında qaydalarına uyğun olaraq S”OCAR Turkey Enerji A.Ş.” (STEAS) və “Terminal Investment Switzerland Sàrl” (TISS) tərəfindən” SOCAR Aliağa Liman İşletmeciliği A.Ş.” (“SOCAR Terminal”) üzərində birgə nəzarətin əldə olunmasını təsdiqləyib. TISS şirkəti MSC Mediterranean Shipping Company Holding S.A. (İsveçrə) və “BlackRock, Inc.” (ABŞ) tərəfindən birgə idarə olunur.

19 fevral tarixində SOCAR ilə “Gran Tierra Energy” Inc. şirkəti arasında Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşən perspektivli quru sahə üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

25 fevral tarixində SOCAR və “Samsung E&A Co., Ltd.” arasında anlaşma memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsini nəzərdə tutur.

27 fevral tarixində SOCAR və bp Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsinə başlayır. Bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ–Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ–Azərbaycan ticarət-biznes konfransında bildirib. O qeyd edib ki, Xəzər dənizində böyük ehtiyatların mövcudluğu səbəbindən bu istiqamət əvvəllər prioritet olmayıb.

11 mart tarixində ABŞ Enerji İnformasiya İdarəsi (EIA) Azərbaycanın 2026–2027-ci illər üzrə neft hasilatı proqnozunu təqdim edib. Hesabata əsasən, Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatı həm 2026, həm də 2027-ci illərdə sutkada orta hesabla 540 min bareldən çox olacaq.

Proqnoza görə, bu göstərici 2025-ci ildəki 570 min bareldən çox səviyyə ilə müqayisədə azalma deməkdir.

EIA-nın qiymətləndirməsinə əsasən, 2026-cı ildə hasilat birinci rübdə gündəlik orta hesabla 550 min bareldən çox, ikinci rübdə 540 min bareldən çox, üçüncü və dördüncü rüblərdə isə 530 min bareldən çox olacaq.

Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır: birinci rübdə 550 min bareldən çox, ikinci rübdə 540 min bareldən çox, üçüncü və dördüncü rüblərdə isə 530 min bareldən çox.

Dövlət Gömrük Komitəsinin son məlumatlarına əsasən, cari ilin yanvar-fevral aylarında Azərbaycandan 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton xam neft və bitumlu süxurlardan əldə olunan neft məhsulları ixrac edilib.

Cari ilin yanvar-fevral aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə 4,055 milyon ton tranzit neft nəql olunub.

Həmin dövrdə Bakı–Tbilisi–Ərzurum qaz kəməri ilə 3 milyard 682 milyon kubmetr qaz nəql edilib.

“Yaşıl İqtisadiyyat"

Yavnarın 7-də Xızı-Abşreon Külək Elektrik Stansiyasının tikintisi uğurla başa çatdırılıb.

Yanvarın 13-də mühəndislik konsaltinqi, təftiş və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən qlobal RINA qrupu və limanlar, terminallar və logistika üzrə qabaqcıl konsaltinq şirkəti, dayanıqlı rəqəmsallaşma və intermodal dəmir yolu əməliyyatları üzrə güclü ekspertizaya malik HPC Hamburg Port Consulting, ATƏT-in “Xəzər regionunda "yaşıl limanlar"ın inkişafına və əlaqəliliyin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində beşillik müqavilə əldə ediblər.

Azərbaycanın Göygöl rayonu ərazisində yeni yarımstansiya tikiləcək. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, layihə çərçivəsində gücü 2×40 MVA, gərginliyi 110/35/10 kV olan yarımstansiyanın və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, “Daşkəsən 1–2” hava xəttindən yeni yarımstansiyaya qədər uzunluğu 11,5 kilometr olan 110 kV-luq iki zəncirli hava elektrik ötürmə xəttinin çəkilməsi, həmçinin mövcud elektrik ötürmə xətlərinin əsaslı təmiri nəzərdə tutulur.

Yanvarın 19-da “Green Corridor Union” MMC-nin baş direktoru Tural Əliyev ilə Asiya İnkişaf Bankının (AİB) nümayəndələri Nana Qurqenidze və Altınay Arapova arasında ilk görüş keçirilib.

Yanvarın 20-də SOCAR şirkəti “Honeywell” şirkəti ilə dayanıqlı inkişaf, bərpa olunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

İtaliyanın CESI şirkəti yanvarın 15-dən Transxəzər "yaşıl enerji dəhlizi"nin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına başlayıb.

“WindEurope” təşkilatı Azərbaycanın külək enerjisi potensialının genişləndirilməsinə dəstək göstərəcək. Bunu Avropa külək enerjisi sənayesi assosiasiyası “WindEurope”un sənaye məsələləri üzrə direktoru Fil Koul bildirib. Onun sözlərinə görə, 2024-cü ilin martında “WindEurope” ilə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra təşkilat qabaqcıl təcrübələrin mübadiləsi və mümkün risklərin təhlili, quruda və dənizdə (offşor) külək enerjisinin inkişafı üzrə məsləhətlərin verilməsi, həmçinin Avropa elektrik enerjisinin alqı-satqısı müqavilələri (PPA) bazarı üzrə təcrübənin ötürülməsi vasitəsilə Azərbaycana dəstək göstərəcək. Bu bazaya gələcəkdə sistemlərarası enerji dəhlizi əsaslanacaq.

Onun sözlərinə görə, “WindEurope” layihənin irəlilədilməsi məqsədilə Azərbaycan və Aİ-də siyasətçilər, tənzimləyicilər və potensial elektrik enerjisi alıcıları arasında əlaqələrin qurulmasına dəstək verməyə davam edəcək.

Yanvarın 29-da Azərbaycanda “Zəngəzur” elektrik ötürmə xəttinin çəkilməsinə başlanılıb.

Fevralın 2-də Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirliklərinin müavinləri, birgə müəssisənin nümayəndələri, CESI S.p.A şirkəti, Asiya İnkişaf Bankı (AİB), eləcə də üç ölkənin elektroenergetika şirkətlərinin iştirakı ilə “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına həsr olunmuş ilk onlayn iclas keçirilib. Görüş zamanı Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov qeyd edib ki, layihə ölkələr arasında enerji əlaqələrinin möhkəmlənməsinə və strateji əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

Qazaxıstan və Özbəkistan nümayəndələri təşəbbüsün regional enerji inteqrasiyası və aşağı karbonlu iqtisadiyyata keçid baxımından strateji əhəmiyyətini vurğulayıblar.

Tərəflər TİƏ-nin ilkin hazırlıq mərhələsini müzakirə edib, sənədin İtaliyanın “CESI S.p.A” şirkəti tərəfindən Türkiyənin EPRA və Böyük Britaniyanın JURU şirkətləri ilə birgə hazırlanacağını qeyd edərək növbəti addımlar barədə razılığa gəliblər.

“Astara” modul elektrik stansiyasında istismara verildiyi vaxtdan bu günədək 2,2 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Fevralın 10-da Azərbaycan “yaşıl enerji" tarixində ilk dəfə karbon kreditləri əldə edib.

Fevralın 11-də bp şirkəti “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətindəki 10 faiz payını “MVM Energetika Zrt.” (MVM) şirkətinə satdığını elan edib.

Fevralın 24-də Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün İtaliyanın CESI şirkəti məsləhətçi kimi seçilib. Onun sözlərinə görə, bu məsləhətçinin cəlb edilməsi ilə ilkin tədqiqatların 11 ay ərzində aparılması planlaşdırılır və bu da TİƏ-nin 2027-ci ilin əvvəlində tamamlanmasının mümkün olduğunu göstərir.

Fevralın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəsi Real Hacıyev Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmi masada bildirib ki, AYİB Bakı və Abşeron yarımadasının su infrastrukturunun bərpası layihəsi üzrə texniki-iqtisadi əsaslandırmaya yaxın vaxtlarda başlamağı planlaşdırır.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq nəzərdə tutulur və TİƏ-nin hazırlanmasına tezliklə start veriləcək.

Fevralın 27-də Azərbaycan Energetika Nazirliyinin 2025-ci ildə gördüyü işlərə dair hesabat dərc olunub. Hesabatda qeyd olunur ki, Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın iştirak etdiyi “yaşıl enerji dəhlizi" layihəsinə qoşulmaq niyyətindədir.

“Rumıniya tərəfi qeyd olunan layihəyə qoşulmaq arzusunu ifadə edib. Bununla əlaqədar Türkiyə tərəfindən 4 aprel 2025-ci ildə imzalanmış Anlaşma Memorandumuna dəyişikliklərin edilməsi üzrə Protokol layihəsi hazırlanıb. Hazırda sənəd tərəflər tərəfindən nəzərdən keçirilir.

Bundan əlavə, Türkiyə tərəfindən hazırlanmış "Texniki tapşırıq" (ToR) sənədinin layihəsi də tərəflər arasında razılaşdırma mərhələsindədir”, – deyə hesabatda bildirilir.

Martın 3-nə olan məlumata görə, Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyası milli enerji sisteminə ötürülən 1 milyard 100 min kilovat-saatdan çox “yaşıl enerji" istehsal edib.

Dövlət Gömrük Komitəsinin son məlumatlarına əsasən, cari ilin yanvar–fevral aylarında Azərbaycan 72,208 milyon kilovat-saat elektrik enerjisi ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–fevral aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 141,6 milyon kVt·saat elektrik enerjisi istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti