Bakı. Trend:
Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
xxx
11:33
Zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilir ki, Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.
"İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.
Araşdırmalar davam etdirilir", - qurumdan əlavə edilib.
xxx
10:52
07.04.2026-cı il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.
"Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
xxx
10:10
Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Trend-in məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time” restoranında qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimallara görə, zəhərlənmənin səbəbi həmin şəxslərin restoranda yedikləri göbələklər olub.
Faktla bağlı araşdırma aparılır.
