Bakı. Trend:
Azərbaycanda “Məhkəmə Ekspertizası” informasiya sistemi vasitəsilə ekspertiza təyin edilməsi ilə bağlı qərarların və müqavilələrin elektron qaydada qəbulu, onların icraata yönəldilməsi mümkün olacaq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda məhkəmə ekspertizası sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulur. “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” bu sahədə islahatların istiqamətini müəyyən edən strateji sənəd kimi qəbul olunub. Sənəd məhkəmə-hüquq sisteminin keyfiyyət transformasiyasına yönəlmiş kompleks yanaşmanı əks etdirir.
Konsepsiyada normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsallaşma, kadr potensialının inkişafı və maddi-texniki təminat kimi istiqamətlər bir-biri ilə qarşılıqlı əlaqədə nəzərdə tutulub.
Sənədin ən mühüm komponentlərindən biri məhkəmə ekspertizası fəaliyyətinin rəqəmsal transformasiyasıdır. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 noyabr tarixli “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərmanı mühüm institusional və hüquqi baza rolunu oynayır. Fərman məhkəmə ekspertizası prosesində şəffaflığın, operativliyin və obyektivliyin artırılmasını, bu sahədə bütün əsas prosedurların elektron platforma üzərindən həyata keçirilməsini nəzərdə tutur.
Yeni yaradılacaq sistem vasitəsilə ekspertiza təyin edilməsi ilə bağlı qərarların (qərardadların) və müqavilələrin elektron qaydada qəbulu, onların icraata yönəldilməsi və prosesin real vaxt rejimində izlənilməsi mümkün olacaq. Eyni zamanda, hər bir məhkəmə eksperti və istifadəçi üçün şəxsi kabinetlərin yaradılması, ekspertiza müddətlərinə nəzarət mexanizmlərinin tətbiqi və gecikmələrlə bağlı avtomatlaşdırılmış bildirişlərin göndərilməsi idarəetmədə çevikliyi əhəmiyyətli dərəcədə artıracaq.
Sistem çərçivəsində ekspert rəylərinin və vəsatətlərin gücləndirilmiş elektron imza ilə təqdim edilməsi, məlumatların arxivləşdirilməsi və digər dövlət informasiya ehtiyatları ilə inteqrasiyası isə həm hüquqi etibarlılığı, həm də məlumat mübadiləsinin səmərəliliyini təmin edən əsas amillərdir.
Bununla yanaşı, sistemin tətbiqi məhkəmə ekspertizası sahəsində vahid məlumat və bilik bazasının formalaşdırılmasına, statistik və analitik hesabatların hazırlanmasına, eləcə də bəzi ekspertiza növlərinin elektron qaydada aparılmasına imkan yaradacaq.
Vahid informasiya sisteminin yaradılması və dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ekspertiza proseslərini həm strukturlaşdıracaq, həm də sürətləndirəcək.
Həmçinin Konsepsiyada maddi-texniki bazanın gücləndirilməsi də xüsusi yer tutur. Müasir laboratoriyaların qurulması, yeni texnologiyaların tətbiqi və infrastrukturun yenilənməsi prosesi həm rəqəmsallaşmanı təmin edəcək, həm də ekspertiza fəaliyyətində süni intellekt alətlərinin tətbiqi imkanlarını artıracaq. Xüsusilə yüksək texnoloji tədqiqat metodlarının tətbiqi mürəkkəb işlərin daha qısa müddətdə və daha etibarlı şəkildə araşdırılmasına imkan verəcək.
Bununla yanaşı, Konsepsiya potensial riskləri də nəzərə alır. Maliyyə resurslarının məhdudluğu, rəqəmsal bacarıqların yetərli olmaması və sistemlərarası inteqrasiyada mümkün gecikmələr kimi amillərin təsirinin neytrallaşdırılması üçün konkret mexanizmlər müəyyən edilib.
Qeyd edilib ki, ümumilikdə Konsepsiya məhkəmə ekspertizası sahəsində keyfiyyət, sürət və etibarlılıq balansını təmin etməyə yönəlmiş kompleks rəqəmsal islahat modelidir. Onun uğurlu icrası nəticəsində yalnız ekspertiza sisteminin deyil, bütövlükdə ədalət mühakiməsinin effektivliyinin yüksəlməsi gözlənilir.
