Minsk. Trend
Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir.
Bunu Trend-ə Belarusun sənaye naziri Andrey Kuznetsov bildirib.
Onun sözlərinə görə, Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil Zavodunun şassisi əsasında yeni kommunal texnika partiyasının (100 ədəd) yığılması ilə bağlı sazişin imzalanması ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın növbəti addımıdır.
"Belarus texnikası Azərbaycan bazarında özünü yaxşı tərəfdən göstərib. Hazırda 100 maşın dəstinin tədarükü üzrə müqavilə imzalanıb və biz birgə şəkildə Azərbaycanın ehtiyacları üçün kommunal maşınlar istehsal edəcəyik. Bu, qarşılıqlı faydalı əməkdaşlığın növbəti addımıdır", — deyə nazir bildirib.
Qeyd edək ki, bu gün Minskdə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev və MAZ ASC-nin baş direktoru Valeri İvankoviç arasında saziş imzalanıb.
Bu saziş Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenkonun Belarus prezidentinin Azərbaycana dövlət səfəri zamanı verdiyi tapşırıqların icrası çərçivəsində imzalanıb.
"Son 3 ildə biz ticarət dövriyyəmizi iki dəfə artırmışıq və gələcəkdə qarşılıqlı faydalı ikitərəfli münasibətlərə töhfə verəcək birgə müəssisələr yaratmışıq. Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir. Minsk Traktor Zavodu üzrə çox yaxşı göstəricilərimiz var, həmçinin Minsk Avtomobil Zavodu ilə səmərəli əməkdaşlıq davam edir", — deyə nazir əlavə edib.
Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal texnika Gəncədə hazırlanmış və yığılmış müasir avadanlıqlarla təchiz edilir. Bu texnika respublikanın bütün ərazisində şəhər infrastrukturunun xidmətində istifadə üçün nəzərdə tutulub. Layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.
