...

Tehran-Məşhəd dəmir yolu körpüsü vurulub

Dünya xəbərləri Materials 7 Aprel 2026 17:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində paytaxt Tehranı ölkənin şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərinə birləşdirən dəmir yolunun Tehran vilayətinin Rey rayonundan keçən körpüsü vurulub.

Trend-in məlumatına görə, bunu İranın Rey rayonunun Qələno inzibati dairəsinin rəhbəri Məhəmməd Qəhharpur yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Qələno inzibati dairəsindəki dəmir yolu körpüsü bir neçə raketlə vurulub.

Qəhharpur deyib ki, hazırda bu istiqamətdə qatarların keçidi mümkün deyil. Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti