Bakı. Trend:
İranla əldə olunmuş atəşkəs razılaşması Yaxın Şərq üçün qızıl dövr ola bilər.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” səhifəsində yazıb.
“Dünya sülhü üçün böyük bir gündür! İran bunun baş verməsini istəyir, onlar artıq kifayət qədər dözüblər! Eyni zamanda, hər kəs! Amerika Birləşmiş Ştatları Hörmüz boğazında yaranmış gəmi sıxlığının aradan qaldırılmasına kömək edəcək”,-deyə o yazıb.
Tramp bundan başqa bir sıra müsbət addımların atılacağını diqqətə çatdırıb.
“Bir çox müsbət addımlar atılacaq! Böyük maliyyə imkanları yaranacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər növ təchizatla yüklənəcəyik və hər şeyin yaxşı getdiyinə əmin olmaq üçün sadəcə “ətrafda qalacağıq”. Mən buna əminəm. ABŞ-da müşahidə etdiyimiz kimi, bu, Yaxın Şərq üçün də Qızıl Dövr ola bilər!”,-deyə Tramp vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.
