Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri (IDF) bildirir ki, bu gün 03:00 radələrindən etibarən İrana heç bir zərbə endirilməyib.
Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə IDF mətbuat xidmətinin bəyanatında deyilir.
Atəşkəs razılaşmasına qədər, gecə ərzində İranda həyata keçirilən “genişmiqyaslı” zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri buraxılış mövqelərini və ballistik raket qurğularını vurub.
Hərbçilərin sözlərinə görə, məqsəd İranın ballistik raketlə hücumlarını əhəmiyyətli dərəcədə azaltmaq və qarşısını almaq olub.
IDF Baş nazir Netanyahunun bəyanatına dəstəkləyərək, razılaşmanın Livana aid olmadığını, Hizbullaha qarşı mübarizənin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.
