...

İran irəli sürdüyü 10 şərti açıqlayıb

Dünya xəbərləri Materials 8 Aprel 2026 12:39 (UTC +04:00)
İran irəli sürdüyü 10 şərti açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran müharibəni bitirmək üçün ABŞ tərəfinə irəli sürdüyü 10 maddəlik təklifi açıqlayıb.

Trend-in məlumatına görə, bu İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında öz əksini tapıb.

Bəyanatda bildirilir ki, sözügedən təkliflər ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edilib.

Sözügedən təkliflər İrana qarşı hücumların tam şəkildə dayandırılması, ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması və bazalardan İrana hər hansı hücumun edilməməsi, İranın nəzarəti ilə protokol qayda çərçivəsində iki həftə ərzində Hörmüz boğazından gəmilərin məhdud şəkildə keçidinə şəraitin yaradılması, İrana qarşı bütün birinci və ikinci dərəcəli sanksiyaların və BMT qətnamələrinin ləğv edilməsi, investisiya və maliyyə fondlarının yaradılması ilə İrana dəyən ziyanın qarşılanması, ABŞ tərəfindən İranın zənginləşdirmə hüququnun qəbul edilməsi və uranın zənginləşdirmə dərəcəsi haqda müzakirənin aparılması, regionda İrana müttəfiq qruplara qarşı hücumların dayandırılması, BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının İrana qarşı bütün qətnamələrinin ləğv edilməsindən ibarətdir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti