Bakı. Trend:
Azərbaycan qazının Serbiyaya çatdırılması üzrə müqavilənin müddəti 2026-cı ilin sonunadək uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Belə ki, aprelin 8-də Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkədə səfərdə olan Serbiya Respublikasının mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o
cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf
perspektivləri müzakirə edilib.
Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji
tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, əməkdaşlığın möhkəm
hüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla
inkişaf etdiyini qeyd edib. Bildirilib ki, imzalanmış çoxsaylı
sazişlər, Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq
Şurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişli
zəmin yaradır.
Enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərinə toxunan nazir 2023-cü ildən etibarən Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığın mühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadək uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.
Öz növbəsində, xanım D.Djedoviç iki ölkə arasında enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, 2026-cı ilin fevral ayında imzalanan və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Görüş zamanı, həmçinin neft və neft məhsulları, elektrik enerjisi, eləcə də yaşıl enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
