...

Gürcüstan parlamentində Orta Dəhlizin inkişafı müzakirə olunub

Dünya xəbərləri Materials 8 Aprel 2026 16:05 (UTC +04:00)
Gürcüstan parlamentində Orta Dəhlizin inkişafı müzakirə olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamentində “Qlobal siyasi dəyişikliklər və yeni beynəlxalq iqtisadi gündəlik – Gürcüstan üçün çağırışlar və imkanlar” mövzusunda iqtisadi forum keçirilib. Forum çərçivəsində Orta Dəhlizin inkişafı və ölkənin nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi məsələləri müzakirə olunub.

Trend bu barədə Gürcüstan parlamentinə istinadla xəbər verir.

Qeyd olunur ki, forumu parlamentinin sədri Şalva Papuaşvili açıb.

Spiker bildirib ki, müasir qlobal qeyri-sabitlik şəraitində milli maraqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Spiker dövlətlə biznes sektoru arasında əməkdaşlıq məsələlərinə də toxunub, Gürcüstanın Avropa ilə Asiya arasında birləşdirici dəhliz kimi potensialını vurğulayıb.

“Qlobal prosesləri nəzərə alsaq, Gürcüstan Avropa ilə Asiyanı birləşdirən sabit dəhlizlərdən biri kimi yeni imkanlar əldə edə bilər. Biznes sektoru bu tendensiyaya uyğunlaşmalıdır ki, ölkənin birləşdirici dəhliz kimi potensialından tam istifadə edə bilsin”, – deyə o əlavə edib.

Məlumata görə, panel müzakirələrində, həmçinin iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili və xarici əlaqələr komitəsinin sədri Nikolaz Samxaradze iştirak ediblər. Şota Berekaşvili çıxışında qlobal dəyişikliklər şəraitində Gürcüstanın iqtisadi inkişafının strateji istiqamətlərini, Orta Dəhlizin rolunu, eləcə də nəqliyyat və logistika infrastrukturunun inkişafını xüsusi vurğulayıb.

O qeyd edib ki, həm biznes sektoru, həm parlament, həm də hökumət Gürcüstan və region üçün sülhün əsas rol oynadığı, bunun ölkəyə investisiyaların artmasına və nəticə etibarilə iqtisadi inkişafın sürətlənməsinə töhfə verdiyi barədə həmfikirdir.

Nikolaz Samxaradze Gürcüstanın xarici siyasət prioritetləri, ölkənin Avropaya inteqrasiya prosesi və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq barədə məlumat verib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti