Bakı. Trend:
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Serbiya Respublikasının mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviçlə görüşüblər.
Görüşdə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İqtisadi münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd edilib. Bu ilin əvvəlində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. Ölkəmizdə formalaşmış müsbət sərmayə mühiti haqqında məlumat verilib.
Tərəflər enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞ dolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə görə isə 73 min kubmetr və ya 0,2% azalıb.
