Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında sülh danışıqları ilə bağlı Pakistanın səylərini yüksək qiymətləndirib.
Trend-in məlumatına görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla bu gün apardığı telefon danışığından sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, İran rəhbərliyinə bu həftənin sonuna doğru İslamabadda sülh danışıqlarına ev sahibliyi etmək barədə Pakistanın təklifini qəbul etməsində göstərdiyi müdriklik və uzaqgörənliyə görə təşəkkür edib.
Şərif bildirib ki, İran Prezidenti qarşıdakı danışıqlarda İranın iştirakını bir daha təsdiqləyib.
“Pakistan regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin təşviqi üçün bütün dostları və tərəfdaşları ilə sıx əməkdaşlığa sadiq qalır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.
