Bakı. Trend:
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub.
Trend xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilir ki, 2026-cı il aprelin 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərin vəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyi ünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil olan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.
