Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin nümayəndələri ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Vergi və Gömrük Komitəsinin üzvləri arasında görüş keçirilib.
Trend dövlət xidmətinə istinadən xəbər verir ki, görüşdə transfer qiymətlərinin tətbiqi və qeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatı məsələləri müzakirə olunub, transfer qiyməti siyasətinin düzgün qurulması və müvafiq qaydada sənədləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu sahədə peşəkar və sistemli yanaşma investisiya mühitinin daha əlverişli olmasına, rəqabət şəraitinin sağlam əsaslarla inkişafına, eləcə də biznes subyektlərinin hüquqi və fiskal dayanıqlığının gücləndirilməsinə müsbət təsir göstərir.
Görüşdə DVX nümayəndələri transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması (Advance Pricing Agreement) mexanizmi üzrə qanunvericiliyin təqdim etdiyi imkanlar, müraciət qaydaları və tətbiq prosedurlarını geniş şərh ediblər, bu alətin vergi risklərinin effektiv şəkildə idarə olunmasında əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatı ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər barədə məlumat verilib, həmin dəyişikliklərin mahiyyəti, tətbiq mexanizmi və qeyri-rezident vergi ödəyiciləri üçün yarada biləcəyi praktiki nəticələr iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir interaktiv formatda keçirilib, AmCham nümayəndələri tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktiki məsələlər üzrə ətraflı izahatlar verilib.
