Bakı. Trend:
ABŞ-la gələcək sülh sazişi çərçivəsində əsas götürülən İran planının 10 bəndindən 3-ü artıq pozulub.
Trend xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində paylaşım edib.
O, əsas pozuntular arasında ABŞ və İsrailin Livanda atəşkəsə riayət etməməsini qeyd edib.
“Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa vurğulayıb və bildirib ki, Livan və digər regionlarda təcili atəşkəs dərhal tətbiq olunmalıdır”, – paylaşımda qeyd olunub.
İkinci pozuntu Fars əyalətinin Lar şəhərində məhv edilmiş pilotsuz uçuş aparatının İranın hava məkanına daxil olmasıdır.
Qalibaf həmçinin bildirib ki, ABŞ Ağ Evinin bəyanatlarına baxmayaraq, Tehran tərəfindən təklif edilən plana daxil olan uranın zənginləşdirilməsi hüququndan imtina etməyib.
“Beləliklə, danışıqlar üçün əsas artıq onların başlamasından əvvəl açıq şəkildə pozulub. Bu vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədəuyğun deyil”, – Qalibaf yekunlaşdırıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.
