Bakı. Trend:
İngiltərənin "Arsenal" klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə Portuqaliyanın "Sportinq" komandasına qalib gəlib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Lissabonda keçirilən görüşdə yeganə qolu sonradan meydana daxil olan Kay Havertz vurub. Almaniyalı futbolçunun bu qolu sayəsində London təmsilçisi maraqlı bir reytinqdə liderliyini daha da möhkəmləndirib.
Belə ki, "Arsenal" cari mövsümdə əvəzetmədən oyuna qoşulan futbolçuların iştirakı ilə vurulan qolların sayını 40-a çatdırıb. Bu, Avropanın "Böyük beşlik" liqaları arasında ən yüksək göstəricidir.
Sözügedən reytinqdə ikinci yeri Fransa "PSJ"si (35 qol) tutur. Üçüncü pilləni isə aktivlərində ehtiyatdan gələn oyunçuların iştirakı ilə vurulan 34 qol olan "Atalanta", "Barselona", "Bavariya" və "Selta" bölüşürlər.
