Bakı. Trend:
Azərbaycanın “yaşıl enerji” istiqamətində həyata keçirdiyi tədbirlər Avstriya Respublikasının Vyana şəhərində keçirilən Beynəlxalq Enerji və İqlim Forumunda təqdim edilir.
Trend bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, agentliyin direktoru Cavid Abdullayev Avstriya Respublikasının Vyana şəhərində keçirilən Beynəlxalq Enerji və İqlim Forumunda iştirak edir.
Səfər çərçivəsində o, 7–8 aprel tarixlərində keçirilən "Yaşıl Texnologiya Günləri", "Hidrogen üzrə Beynəlxalq Konfrans" və "Dayanıqlı Soyutma üzrə Forum" tədbirlərinə qatılıb.
Bununla yanaşı, Cavid Abdullayev "Schoenherr" hüquq firması ilə ikitərəfli görüş keçirib. Görüş zamanı bərpa olunan enerji layihələri üzrə hüquqi əməkdaşlıq, investisiya imkanları və normativ-hüquqi məsələlər müzakirə olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon manat təşkil edib.
Bu ilin yanvar-fevral aylarında ölkədə günəş elektrik stansiyalarında 42,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 0,6 milyon kVt-saat və yaxud 1,4% azalma deməkdir.
Eyni zamanda hesabat dövründə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 141,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 138,2 milyon kVt-saat və ya 41,6 dəfə çoxdur.
