...

Bakıda velosiped istifadəsi 4 dəfə artıb

Cəmiyyət Materials 9 Aprel 2026 11:06 (UTC +04:00)
Bakıda velosiped istifadəsi 4 dəfə artıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin ilk 3 ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 676 907 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, xüsusilə velosipedlərin sifarişində nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Belə ki, ötən ilin ilk rübündə velosiped 49 082 dəfə sifariş olunduğu halda, bu ilin müvafiq dövründə 188 847 dəfə sifariş edilib ki, bu da 4 dəfə çoxdur.

Eyni zamanda, velosipeddən istifadə edənlərin sayı da 4 dəfə artaraq 86 445 nəfər təşkil edib.

Cari ilin yanvar-mart aylarında alternativ nəqliyyat növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 344 201 nəfərdir. Bu, 2025-ci ilin ilk 3 ayının göstəricilərindən 1,5 dəfə çoxdur.

Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin 3 ayında 1 345 398 kilometr yol qət edilib. Bu, ötən illə müqayisədə 1,4 dəfədən çoxdur.

Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.

Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik infrastrukturu genişləndirilir.

Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 4240, velosiped sayı isə 2200-dür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti