Astana. Trend:
Qazaxıstan Senatı Azərbaycan və Özbəkistanla “yaşıl” enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.
Trend bu barədə Senata istinadən xəbər verir.
Sənəd dayanıqlı enerji əməkdaşlığının inkişafına və “yaşıl” elektrik enerjisinin, o cümlədən Avropa bazarları istiqamətində ixrac marşrutlarının yaradılmasına yönəlib.
Saziş birgə enerji layihələrinin həyata keçirilməsini, üç ölkənin enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsini, həmçinin Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsini nəzərdə tutur.
Saziş çərçivəsində elektrik enerjisinin tədarük marşrutu formalaşdırılır və bu marşrut Qara dəniz enerji dəhlizi ilə inteqrasiya olunur.
Bundan əlavə, Senat MDB ölkələri arasında radiasiya vəziyyətinin monitorinqi məlumatlarının mübadiləsi haqqında sazişi də ratifikasiya edib. Sənəd regional təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə əlaqələndirmə və operativ məlumat mübadiləsi sisteminin yaradılmasına yönəlib.
Xatırladaq ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl” enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2024-cü ilin noyabrında COP29 Dünya İqlim Sammiti çərçivəsində imzalanıb.
