Bakı. Trend:
Azərbaycan ABŞ şirkəti ilə ölkədə data mərkəz və bulud platformasının qurulmasını müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkətinin baş icraçı direktoru cənab Su Le ilə görüşümüzdə Azərbaycanda Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik", - məluamtda qeyd edilib.
Qeyd edək ki, "Haimaker" süni intellekt və rəqəmsal infrastruktur sahəsində fəaliyyət göstərən ABŞ texnologiya şirkətidir. Şirkətin baş ofisi ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.
Şirkət tərtibatçıların, bizneslərin və dövlət qurumlarının müxtəlif süni intellekt modellərindən vahid interfeys vasitəsilə istifadə etməsinə imkan verən platforma və infrastruktur həlləri inkişaf etdirir. "Haimaker" platforması dünyanın aparıcı tərtibatçılarının yüzlərlə süni intellekt modelinə çıxışını təmin edir və onları vahid API vasitəsilə rəqəmsal məhsullara inteqrasiya etməyə, həmçinin tapşırıq, dəyər və məhsuldarlıqdan asılı olaraq modellər arasında çevik keçid etməyə imkan yaradır.
