Bakı. Trend:
Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi iqtisadi göstəricilər və yeni investisiya planları Azərbaycanın bölgədəki iqtisadi liderliyinin və Gürcüstanla qurulan sıx tərəfdaşlığın praktiki nəticələrini ortaya qoyur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov deyib.
Millət vəkilinin fikrincə, bu rəqəmlər Azərbaycanın Gürcüstanın iqtisadi inkişafına və regional inteqrasiyaya verdiyi böyük dəstəyin təzahürüdür:
“Gürcüstanın müsbət sərmayə şəraiti sayəsində Azərbaycanın bu ölkə iqtisadiyyatına 3,7 milyard dollar investisiya yatırması tərəfdaşlığın dərinliyindən xəbər verir. Xüsusilə energetika və nəqliyyat sektorlarında qurulan infrastruktur, o cümlədən 20 ildir fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan kəməri və Cənub Qaz Dəhlizi bu gün geniş bir coğrafiyanın enerji təhlükəsizliyinin əsasını təşkil edir”.
Deputat vurğulayıb ki, Azərbaycan qazının 16 ölkəyə ixrac olunması və bu zəncirin məhz Gürcüstandan başlaması hər iki dövləti Avrasiyanın mühüm enerji mərkəzinə çevirir:
“Eyni zamanda, Orta Dəhlizin genişləndirilməsi üzrə atılan addımlar Azərbaycan və Gürcüstanı qlobal logistik marşrutların mərkəzi nəqliyyat damarına çevirməkdədir. Bu əməkdaşlıq formatı göstərir ki, Bakı və Tbilisi arasındakı münasibətlər qarşılıqlı inam və ortaq mənfəət üzərində qurularaq bütün qonşu dövlətlər üçün real və uğurlu bir nümunədir”.
