Bakı. Trend:
İsrail ordusunun ötən gecə Beyruta endirdiyi aviazərbələrdən birində Hizbullah hərəkatının lideri Nəim Qasimin katibi həlak olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Əli Yusuf Hərşi Beyrutun Tallet Xayat rayonunda hədəflənmiş aviareyd zamanı zərərsizləşdirilib.
IDF-in “X” səhifəsində yayımladığı görüntülərdə çoxmərtəbəli binanın zərbə nəticəsində qismən çökdüyünü görmək olur.
Qeyd olunur ki, Hərşi Qasimin yaxın qohumu və şəxsi katibi olub.
Ötən gecə İsrail Müdafiə Qüvvələri eyni zamanda Hizbullahın minlərlə silah, roket və buraxılış qurğusunun daşınması üçün istifadə etdiyi Litani çayı üzərində yerləşən iki mühüm körpünü məhv edib.
Bundan başqa, əməliyyatlarda silah-sursat anbarları, raket buraxılış qurğuları, Hizbullah qərargahı hədəfə alınıb.
