Bakı. Trend:
ABŞ və İran arasında keçiriləcək danışıqlar ərəfəsində Pakistanın paytaxtında qırmızı hazırlıq səviyyəsi elan edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, hərbi qurumların nəzarət etdiyi çoxsəviyyəli təhlükəsizlik sistemi çərçivəsində İslamabadda 10 mindən çox təhlükəsizlik əməkdaşı səfərbər olunub.
Hərbçilər və reyncerlər hökumət binaları kompleksi və diplomatik anklavın yerləşdiyi, “qırmızı zona” adlanan əraziyə xüsusi nəzarəti təmin ediblər. Bu əraziyə aparan bütün yollar bağlanıb. Müxtəlif nöqtələrdə çevik reaksiya qüvvələrinin bölmələri yerləşdirilib.
Əhalisi iki milyondan çox olan şəhərin bütün əsas yollarında milli və paytaxt yol polisinin əlavə postları qurulub. İslamabadda amerikalı və iranlı danışıqlar iştirakçılarının hərəkəti üçün ayrıca marşrutlar müəyyən edilib. Yüksək vəzifəli şəxslərin şəxsi mühafizə əməkdaşlarına mobil telefonlar və elektron saatlar daxil olmaqla, hər hansı qadcetləri üzərlərində daşımaq qadağan ediləcək.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.
