Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələri 1 dekabr 2026-cı ilə qədər mobil rabitə və genişzolaqlı telekommunikasiya xidmətləri ilə əhatə ediləcək.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icra edəcək.
Məlumata görə, 2026-cı il ərzində işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulan 50 ədəd yaşayış məntəqəsinin (rayon mərkəzləri, qəsəbə və kəndlər) mobil rabitə və genişzolaqlı telekommunikasiya xidmətləri ilə əhatə edilməsi nəzərdə tutulur.
Respublika üzrə genişzolaqlı telekommunikasiya xidmətləri ilə təmin edilən abunəçi sayının 300 min artırılması məqsədilə aidiyyəti qurum tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin quruma zəruri dəstəyin göstərilməsi planlaşdırılır.
