Bakı. Trend:
Azərbaycan bu ilin may ayında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın dayanıqlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün unikal imkan yaradacaq: "Eyni zamanda bu tədbir beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsinə töhfə verəcək.
Bu çərçivədə biz milli tərəfdaşlarla sıx əməkdaşlıq edirik ki, Forumun nəticələri əməkdaşlıq çərçivəsinin prioritetləri ilə uyğunlaşsın və uzunmüddətli inkişaf təsirinə malik olsun.
Heç bir şübhəm yoxdur ki, bu tədbir uğurla baş tutacaq. Bu, böyük beynəlxalq konfrans olacaq. Hazırkı dövrdə dialoqun və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini müzakirə etmək üçün imkanlar dünyada çox məhduddur".
"Azərbaycanın Bakıda bu mövzu ətrafında müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməsi çox vacibdir. Forumun əsas mövzusu mənzil və şəhər inkişafı olsa da, burada nazirlər, hökumət başçıları çıxış edəcək, mühüm müzakirələr aparılacaq. Bu isə hazırkı dövrdə Azərbaycanın çox vacib töhfəsidir", - BMT nümayəndəsi qeyd edib.
