...

AİB Yaxın Şərq münaqişəsi fonunda neft-qaz qiymətləri ilə bağlı gözlənilən 3 ssenarini təqdim edib

Energetika Materials 10 Aprel 2026 10:33 (UTC +04:00)
AİB Yaxın Şərq münaqişəsi fonunda neft-qaz qiymətləri ilə bağlı gözlənilən 3 ssenarini təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) qlobal neft və qaz qiymətlərinin dinamikası üzrə, geosiyasi gərginliklə bağlı fasilələrin müxtəlif dərəcəsi və davametmə müddətini əks etdirən üç alternativ ssenari təqdim edib.

Bu barədə Trend məlumat verir

AİB-in son icmalında erkən sabitləşmə üzrə baza ssenarisi, eləcə də tədarüklərdəki fasilələrin miqyasından asılı olaraq enerji qiymətlərinin mümkün dinamikasını göstərən iki daha riskli variant təqdim olunub.

Erkən sabitləşmə ssenarisi (baza)

Baza variantına görə, 2026-cı ilin II rübündə Brent markalı neftin qiymətinin bir barel üçün 80 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır. Bundan sonra 2026-cı ilin III rübündən etibarən qiymətlərin tədricən böhranaqədərki səviyyələrə qayıdacağı gözlənilir. 2027-ci ildə orta qiymət bir barel üçün 63 ABŞ dolları təşkil edəcək.

Yaponiya və Avropada qaz qiymətləri 2026-cı ilin II rübündə MMBtu üçün 18 ABŞ dollarına qədər arta bilər. Daha sonra 2026-cı ilin III rübündən etibarən eniş başlayacaq və 2027-ci ildə orta göstərici MMBtu üçün 12 ABŞ dolları olacaq.

Ssenari 1 (S1)

Birinci stress ssenarisində neft qiymətləri əhəmiyyətli dərəcədə yüksələrək 2026-cı ilin II rübündə bir barel üçün 105 ABŞ dollarına çatır. Daha sonra 2026-cı ilin III rübündən etibarən erkən sabitləşmə ssenarisinin trayektoriyasına qayıdır.

Bu variantda qaz qiymətləri 2026-cı ilin II rübündə MMBtu üçün 30 ABŞ dollarına qədər yüksəlir və 2026-cı ilin III rübündən etibarən baza trayektoriyasına qayıdır.

Ssenari 2 (S2)

Daha ağır ssenariyə əsasən, 2026-cı ilin II rübündə Brent markalı neftin qiyməti bir barel üçün 130 ABŞ dollarına qədər yüksəlir, daha sonra isə 2026-cı ilin III rübündə 120 ABŞ dollarına enir.

2026-cı ilin IV rübündən etibarən şərtlər erkən sabitləşmə ssenarisinə qayıdır.

Qaz qiymətləri də oxşar dinamika nümayiş etdirir: 2026-cı ilin II rübündə MMBtu üçün 40 ABŞ dollarına, III rübdə isə 45 ABŞ dollarına qədər yüksəlir və bundan sonra 2026-cı ilin IV rübündən etibarən baza ssenarisinə qayıdır.

Ssenari 3 (S3)

AİB-in ən gərgin ssenarisində neft qiymətləri kəskin artaraq 2026-cı ilin II rübündə bir barel üçün 155 ABŞ dollarına çatır və 2026-cı ilin III rübündən 2027-ci ilin I rübünə qədər 140 ABŞ dolları səviyyəsində qalır.

Erkən sabitləşmə ssenarisinə qayıdış yalnız 2027-ci ilin II rübündən etibarən gözlənilir.

Qaz qiymətləri də kəskin şəkildə artır: 2026-cı ilin II rübündə MMBtu üçün 55 ABŞ dollarına çatır və 2026-cı ilin III rübündən 2027-ci ilin I rübünə qədər 50 ABŞ dolları səviyyəsində qalır. Bundan sonra 2027-ci ilin II rübündən etibarən baza ssenarisinə qayıdır.

AİB-in ssenariləri qlobal enerji bazarlarının geosiyasi amillərə yüksək həssaslığını vurğulayır. Eyni zamanda, uzunmüddətli fasilələr neft və qaz qiymətlərinin uzun müddət ərzində baza proqnozlarından xeyli yüksək səviyyədə qalmasına səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti