Bakı. Trend:
Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir və 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
O bildirib ki, bununla yanaşı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin regional səviyyədə lokallaşdırılması layihəsinə başlanılıb: "Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması onların yalnız qlobal səviyyədə qəbul edilməsini deyil, eyni zamanda milli, regional və yerli səviyyələrdə siyasətlərə, proqramlara və inkişaf planlarına inteqrasiya edilməsini nəzərdə tutur.
Fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi tərəfindən Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərdə – ilk mərhələdə Şuşa şəhərində – müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanmasıüçün işlər görülür.
Əminik ki, BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi ölkəmizdə dayanıqlı inkişafa, və regionda sülhə, rifaha və sabitliyə töhfə verəcəkdir".
