"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2026 11:20 (UTC +04:00)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

"Anglo Asian Mining" şirkəti 2025-ci ilin yekunlarına əsasən Azərbaycanda istehsalı əhəmiyyətli dərəcədə artırdığını bəyan edib.

Trend şirkətə istinadən xəbər verir ki, artım qızıl və mis hasilatının artımı, eləcə də iki yeni mədənin istismara verilməsi ilə şərtlənib.

Qızılın ümumi istehsal həcmi 2024-cü ildəki 15 073 unsiya ilə müqayisədə 25 061 unsiyaya yüksəlib, mis hasilatı isə ötən ildəki 377 tonla müqayisədə 7 915 tona çataraq kəskin artım göstərib.

Qızıl külçələrinin satışı orta hesabla hər unsiya üçün 3 441 dollar qiymətlə 19 631 unsiya təşkil edib. Halbuki, 2024-cü ildə bu göstərici hər unsiyaya 2 432 dollar idi. Mis konsentratının tədarükü 29 695 quru metrik tona (dmt) çatıb və bu, Azərbaycan hökumətinin hasilat payı nəzərə alınmadan 54,5 milyon ABŞ dolları məbləğində gəlir təmin edib. Müqayisə üçün qeyd olunub ki, 2024-cü ildə bu göstərici 2,5 milyon dollar dəyərində 1 519 dmt olmuşdu.

Şirkət bildirib ki, “Gilar” və “Dəmirli” adlı iki yeni mədənin istismara verilməsi ilə 2025-ci il orta həcmli çoxşaxəli istehsalçı statusuna keçid strategiyasında əsas mərhələ olub.

“Gədəbəy” yatağı 2024-cü ilin sonunda flotasiya və qarışdırmalı yuyulma fabriklərinin fəaliyyətinin bərpasından sonra tam il ərzində sabit istehsal təmin edib. 2025-ci ildə istehsal göstəriciləri ümumilikdə gözləntilərə uyğun olub. “Gilar” mədənində hasilat may ayında başlayıb və istehsal həcmləri uğurla artırılır. Hasilat tempi tədricən hədəf göstəricilərinə yaxınlaşır, filizin tərkibi isə proqnozlara uyğundur.

“Xarxar” və “Qaradağ” mis layihələrində də mühüm irəliləyiş əldə olunub. Belə ki, məsləhətçilərin təyin edilməsindən sonra texniki-iqtisadi əsaslandırmaların hazırlanması prosesinin sürətlənəcəyi gözlənilir.

Yaxın perspektivdə isə 2026-cı ilin "Anglo Asian Mining" üçün növbəti mühüm mərhələ olacağı gözlənilir. Belə ki, bu il “Gilar” və “Dəmirli” mədənlərinin tam fəaliyyət göstərəcəyi ilk il olacaq və misin şirkətin əsas məhsuluna çevriləcəyi proqnozlaşdırılır. Hər iki obyekt gözləntilərə uyğun şəkildə istehsalı artırmaqda davam edir, “Dəmirli” isə tam istehsal gücünə çatmağa doğru irəliləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti