Azərbaycanda yeni qanun qəbul edildi

Cəmiyyət Materials 26 May 2026 13:27 (UTC +04:00)
Azərbaycanda yeni qanun qəbul edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "Maliyyə icarəsi haqqında" yeni Qanun qəbul edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, "Maliyyə icarəsi haqqında" qanun layihəsi bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bazarın inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışını asanlaşdırmaq məqsədilə hazırlanıb.

Layihənin əsas yeniliklərindən biri milli qanunvericilikdə istifadə olunan "lizinq" termininin "maliyyə icarəsi" termini ilə əvəz edilməsidir. Beynəlxalq praktikada "financial lease" kimi tanınan bu anlayış bir sıra ölkələrdə də milli dillərə uyğun tərcümə edilərək istifadə olunur. Azərbaycanda isə bu dəyişiklik terminoloji vahidliyin təmin olunmasına və xidmətin mahiyyətinin daha aydın başa düşülməsinə xidmət edəcək.

Hazırda Mülki Məcəllənin "Lizinq" adlanan fəsli əslində maliyyə icarəsi münasibətlərini tənzimləyir, "maliyyə lizinqi" termini isə əsasən Vergi Məcəlləsində istifadə olunur. Yeni qanunun qəbul edilməsi ilə terminlər eyniləşdiriləcək və bu sahədə hüquqi müəyyənlik gücləndiriləcək. Bu, həm də xidmətin kredit deyil, icarə münasibəti olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.

Maliyyə icarəsi iqtisadi dövriyyənin genişlənməsində, xüsusilə sahibkarların maliyyəyə çıxış imkanlarının artırılmasında mühüm rol oynayır. Bununla belə, mövcud normativ baza bu sahənin inkişafını tam təmin etmir, əsas xüsusiyyətlər qanunvericilikdə kifayət qədər əks olunmur və prudensial nəzarət mexanizmləri mövcud deyil. Bu isə maliyyə icarəsi verənlərin əlavə maliyyə resursları cəlb etməsini çətinləşdirir.

Layihə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını, subyektlər arasında münasibətlərin qurulması, dəyişdirilməsi və xitam verilməsi qaydalarını, eləcə də dövlət tənzimlənməsi və nəzarət mexanizmlərini müəyyən edir. Maliyyə icarəsi mexanizmi həm icarəçi, həm icarəyə verən, həm də satıcı üçün iqtisadi fayda yaradır və bazar dövriyyəsinin çevikliyini artırır.

Qanun layihəsinə əsasən, maliyyə icarəsi alanlar yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ola biləcəklər. Bu yanaşma fəaliyyətin sahibkarlıq xarakterinə uyğunlaşdırılıb. Eyni zamanda, maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul olması və onların Mərkəzi Bankın reyestrinə daxil edilməsi tələb olunacaq.

Layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnamə kapitalı və öz vəsaitlərinə dair tələblər müəyyən edilir, bu tələblərin konkret parametrləri isə Mərkəzi Bank tərəfindən müəyyənləşdiriləcək. Bununla yanaşı, tərəflər arasında müqavilə münasibətləri, hüquq və vəzifələr, eləcə də maliyyə icarəsi obyektinə yönələn tələblərin icrası mexanizmləri də tənzimlənir.

Yeni qanun layihəsində subicarə və geriyə maliyyə icarəsi kimi mexanizmlər də nəzərdə tutulur. Subicarə zamanı icarəçi obyektin başqa şəxsə verilməsini təşkil edə bilər, geriyə maliyyə icarəsində isə şəxs öz əmlakını sataraq eyni obyekti icarəyə götürür.

Layihəyə əsasən, maliyyə icarəsi verənlər kredit tarixçəsi məlumatlarını kredit bürolarına təqdim etməlidirlər. Bu, maliyyə bazarlarında şəffaflığın artırılmasına, borclanmanın düzgün qiymətləndirilməsinə və beynəlxalq reytinqlərdə mövqenin yaxşılaşmasına töhfə verəcək.

Həmçinin, maliyyə icarəsi verənlərin mühasibat uçotu və hesabatlılığı "Mühasibat uçotu haqqında" Qanuna uyğun aparılacaq, maliyyə hesabatları isə beynəlxalq standartlara uyğun şəkildə hazırlanaraq Mərkəzi Banka təqdim ediləcək.

Ümumilikdə, yeni qanun layihəsi maliyyə icarəsi bazarında hüquqi və institusional çərçivəni gücləndirməklə bu sahənin inkişafına və iqtisadi aktivliyin artmasına xidmət edəcək.

Qeyd edək ki, bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti