Bəzi dairələrin birtərəfli yanaşması sülhə yox, revanşist meyillərə xidmət edir - Azər Qarayev

Siyasət Materials 26 May 2026 15:10 (UTC +04:00)
Bəzi dairələrin birtərəfli yanaşması sülhə yox, revanşist meyillərə xidmət edir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığı, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bəzi beynəlxalq siyasi dairələrin və təşkilatların yenidən birtərəfli ittihamlar ritorikasına qayıtması diqqət çəkir. Xüsusilə son aylarda Böyük Britaniya parlamentinin ayrı-ayrı üzvlərinin açıqlamaları, Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu tərəfindən "D̶a̶ğ̶l̶ı̶q̶ ̶Q̶a̶r̶a̶b̶a̶ğ̶d̶a̶" erməni mədəni irsinin məhv edilməsi" barədə sorğunun təşviqi, eləcə də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamələr regionda formalaşmaqda olan normallaşma prosesinə nə dərəcədə xidmət etdiyi sualını aktuallaşdırır.

Bu barədə Trend-ə politoloq Azər Qarayev deyib.

"Məsələyə yalnız bir istiqamətdən yanaşmaq, regionun mürəkkəb tarixi və siyasi kontekstini görməzdən gəlmək obyektivliklə uzlaşmır. Əgər Cənubi Qafqazda insan hüquqları, humanitar hüquq və mədəni irsin qorunması məsələlərinə hüquqi-siyasi qiymət verilməsi hədəflənirsə, bu zaman yanaşma selektiv deyil, kompleks olmalıdır. Çünki Ermənistan-Azərbaycan münaqişəsinin tarixi yalnız son bir neçə il və ya bir neçə ayla məhdudlaşmır.

Tarixi faktlar göstərir ki, XIX əsrdən etibarən regionda demoqrafik və siyasi balans süni müdaxilələrlə dəyişdirilib. Rusiya imperiyasının Cənubi Qafqaz siyasəti çərçivəsində, xüsusilə 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Osmanlı ərazilərindən on minlərlə erməninin Qarabağ da daxil olmaqla bölgəyə köçürülməsi barədə çoxsaylı arxiv sənədləri mövcuddur. Bu proses imperiyanın sərhəd zonalarında özünə loyal sosial baza formalaşdırmaq məqsədi daşıyırdı və sonrakı etnik-siyasi qarşıdurmalar üçün zəmin yaratdı", - o bildirib.

Onun sözlərinə görə, XX əsrin əvvəllərində baş verən faciəli hadisələr isə regionun kollektiv yaddaşında dərin iz buraxdı.

"1918-ci ilin mart hadisələri zamanı Bakı, Şamaxı, Quba və digər bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirildi. Bu hadisələrin izləri bu gün də kütləvi məzarlıqlar və arxiv materiallarında qalmaqdadır. Sonrakı onilliklərdə isə azərbaycanlıların indiki Ermənistan ərazisindən mərhələli şəkildə sıxışdırılması siyasəti davam etdi. 1948-1953-cü illərdə həyata keçirilən deportasiyalar, 1988-1989-cu illərdə yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulması Ermənistanın monoetnik dövlətə çevrilməsi prosesinin ən ağrılı mərhələlərindən biri oldu.

Bütün bu hadisələr fonunda 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsinin və ətraf yeddi rayonun işğalı regionun ən ağır humanitar böhranlarından birini yaratdı. Bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi, şəhərlər viran qoyuldu, kəndlər yerlə-yeksan edildi. Ağdam, Füzuli, Cəbrayıl və digər rayonlarda işğalın izləri uzun illər "ölü şəhərlər" görüntüsü yaratdı. Onlarla məscidin dağıdılması, təhqir olunması, qəbiristanlıqların vandalizmə məruz qalması, tarixi abidələrin mənşəyinin dəyişdirilməsi barədə faktlar uzun illər beynəlxalq platformalarda lazımi diqqəti görmədi", - o bildirib.

A.Qarayev qeyd edib ki, məhz buna görə bu gün yalnız "erməni mədəni irsi" mövzusunun qabardılması ictimai rəydə haqlı suallar yaradır: otuz il ərzində Azərbaycanın dağıdılmış şəhərləri, məhv edilmiş mədəni irsi, öz torpaqlarından didərgin düşmüş insanların hüquqları niyə eyni həssaslıqla gündəmə gətirilmədi? Əgər məqsəd ədalət və hüquqi qiymətləndirmədirsə, o zaman regionda baş vermiş bütün humanitar faciələr eyni obyektivliklə araşdırılmalıdır.

"2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra regionda tamamilə yeni reallıq formalaşdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrinin tələblərini faktiki olaraq təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra rəsmi Bakı normallaşma və əməkdaşlıq xəttini prioritet elan etdi. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, dini və mədəni abidələrin mənsubiyyətindən asılı olmayaraq bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün şərait yaradılması postmünaqişə dövrünün əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda dəfələrlə vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün tərəfdarıdır və münasibətlərin qarşılıqlı suverenlik, ərazi bütövlüyünün tanınması prinsipləri üzərində qurulmasını müdafiə edir. Son illərdə sülh danışıqları istiqamətində əldə olunan irəliləyişlər də göstərir ki, regionda yeni əməkdaşlıq mərhələsinin yaranması real perspektivdir", - o bildirib.

Politoloq vurğulayıb ki, lakin məhz belə həssas mərhələdə birtərəfli siyasi kampaniyalar, tarixi kontekstdən qoparılmış ittihamlar və yalnız bir tərəfin narrativini əsas götürən təşəbbüslər sülhə xidmət etmir.

"Əksinə, bu cür addımlar Ermənistanda hələ də mövcud olan revanşist dairələri ruhlandıra, etimad mühitinə zərbə vura və normallaşma prosesini ləngidə bilər. Cənubi Qafqazın gələcəyi ittiham yarışında deyil, qarşılıqlı məsuliyyət, tarixi həqiqətlərin bütöv şəkildə qəbul olunması və beynəlxalq aktorların balanslı yanaşmasında yatır. Tarixi seçərək xatırlamaq isə nə ədalətə, nə də davamlı sülhə xidmət edir. Regionun ehtiyacı yeni qarşıdurma ritorikası deyil, keçmişdən nəticə çıxararaq gələcəyə baxmaqdır", - A.Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti