Bakı.Trend:
Mina partlayışı nəticəsində sağlamlığını itirən keçmiş polis əməkdaşı İlham Salmanov vətəndaşları təhlükəli ərazilərlə bağlı xəbərdarlıqlara ciddi yanaşmağa çağırıb.
Trend xəbər verir ki ,o, “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı mina partlayışı nəticəsində sağ ayağının üçdəbir hissəsinin amputasiya olunduğunu bildirib.
İ.Salmanov qeyd edib ki, layihə çərçivəsində ona beş baş qoyun verilib və bu dəstək təsərrüfat fəaliyyəti ilə məşğul olmasına imkan yaradıb.
“Mina gözə görünməz düşməndir. Heç vaxt inanmazdım ki, minaya düşə bilərəm. Amma gözə görünməz bir düşmənin tələsinə düşdüm”, – deyə o bildirib.
Keçmiş polis əməkdaşı insanların mina təhlükəsi ilə bağlı edilən xəbərdarlıqları diqqətlə nəzərə almalarının vacibliyini vurğulayıb.
“Heç kim xəbərdarlıqları gözardı etməsin. Mina təhlükəsi hələ də mövcuddur və hər bir insan bu məsələdə son dərəcə ehtiyatlı olmalıdır”, – deyə İ.Salmanov əlavə edib.
