Bakı.Trend:
“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Trend xəbər verir ki, tədbirdə çıxış edən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Koreya Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi mina qurbanlarının sosial iqtisadi inteqrasiyasını gücləndirmək, onların məşğulluq imkanlarını artırmaq və dayanıqlı gəlir mənbələri əldə etmələrinə dəstək verməkdir.
Onun sözlərinə görə, layihə çərçivəsində Ağcabədi və Oğuz rayonlarında yaşayan mina qurbanlarına biznes təşəbbüslərinin inkişafı və gəlir gətirən fəaliyyətlərin qurulması istiqamətində dəstək göstərilib. Aparılan monitorinqlər nəticəsində benefisiarların təqdim olunan imkanlardan səmərəli istifadə etdiyi, bəzilərinin isə artıq istehsal etdikləri məhsulların satışından gəlir əldə etməyə başladığı müəyyən olunub.
H.Səfixanov qeyd edib ki, layihənin bütün benefisiarları mina partlayışlarından zərər çəkmiş şəxslərdir. O, Azərbaycanda mina qurbanlarının sayının çox olduğunu vurğulayaraq, gələcəkdə digər donor və maliyyə qurumlarının da bu istiqamətdə layihələrə dəstək verməsinin vacibliyini bildirib.
Tədbirdə çıxış edən mina qurbanları layihənin onların həyatında yaratdığı dəyişikliklərdən danışıblar.
Mina partlayışı nəticəsində sol ayağını itirən Asəf Xudiyev dövlət tərəfindən mina qurbanlarına göstərilən dəstəyi yüksək qiymətləndirib. O bildirib ki, hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) çalışır və fiziki məhdudiyyətinə baxmayaraq fəal həyat tərzini davam etdirir.
Keçmiş polis əməkdaşı İlham Salmanov isə mina partlayışı nəticəsində sağ ayağının üçdəbir hissəsinin amputasiya olunduğunu bildirib. Layihə çərçivəsində ona beş baş qoyun verildiyini deyən İ.Salmanov vətəndaşları mina təhlükəsi ilə bağlı xəbərdarlıqları diqqətdən kənarda qoymamağa çağırıb. O, “Mina gözə görünməz düşməndir” deyərək təhlükənin ciddiliyini vurğulayıb.
Digər iştirakçı Arif Quliyev 2021-ci ildə Ağdam rayonu ərazisində təsərrüfat işləri ilə məşğul olarkən minaya düşdüyünü bildirib. Layihə çərçivəsində ona 10 baş qoyun təqdim edildiyini deyən A.Quliyev minalardan tam təmizlənməmiş ərazilərə daxil olmamağın vacibliyini qeyd edib.
Mina qurbanı Tamam Cəfərova isə çıxışında mina təhlükəsinin yaratdığı ağır nəticələrdən danışıb. O bildirib ki, Tovuz rayonunun Qoşa kəndində heyvan otararkən minaya düşüb. Hazırda dərzilik fəaliyyəti ilə məşğul olan T.Cəfərova layihə çərçivəsində ona naxışvurma aparatı təqdim edildiyini qeyd edib. Şair olduğunu və şeirlər kitabının nəşr olunduğunu deyən T.Cəfərova mina təhlükəsi ilə bağlı insanları daha diqqətli olmağa çağırıb.
Tədbirdə qeyd olunub ki, layihə mina qurbanlarının iqtisadi müstəqilliyinin artırılması, ailə gəlirlərinin yüksəldilməsi və onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində mühüm nəticələr verib. İştirakçılar bu cür təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini vurğulayıblar.
