Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

İqtisadiyyat Materials 26 May 2026 15:00 (UTC +04:00)
Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsi təkcə aqrar sahənin cari vəziyyətinin müzakirəsi deyildi. Bu müşavirə əslində Azərbaycanın növbəti illər üçün iqtisadi və sosial prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mesajlar verdi. Çünki ölkə başçısının çıxışında səslənən məqamlar göstərir ki, hökumət artıq kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi deyil, milli təhlükəsizlik, regionların inkişafı və demoqrafik balans məsələsi kimi yanaşır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, son 20 ildə Azərbaycanın bölgələrində qazlaşdırma, elektrik təminatı, yol infrastrukturu, su anbarları və sosial obyektlərin tikintisi kənd təsərrüfatının inkişafı üçün baza formalaşdırdı. Bu gün ölkədə qazlaşmanın 96 faizə çatması, yeni su anbarlarının və kanalların tikilməsi, kənd yollarının yenilənməsi aqrar sektorun əvvəlki dövrlərlə müqayisədə daha dayanıqlı inkişafına imkan yaradıb:

"Ancaq müşavirənin əsas diqqət çəkən tərəfi odur ki, Prezident İlham Əliyev mövcud nəticələrlə kifayətlənmədiyini açıq şəkildə bəyan etdi. Xüsusilə son illərdə kənd təsərrüfatında müşahidə olunan durğunluq Prezident İlham Əliyevin narahatlığını ortaya qoydu. Bu isə onu göstərir ki, hökumət artıq sadəcə istehsal statistikasına deyil, məhsuldarlığa, səmərəliliyə və strateji dayanıqlılığa fokuslanır.

Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər də problemin miqyasını aydın göstərir. Azərbaycan buğda ilə özünü cəmi 55 faiz təmin edir. Bu isə qlobal böhranların və müharibələrin yaşandığı, logistika zəncirlərinin pozulduğu dövrdə ciddi risk hesab olunur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ərzaq təhlükəsizliyi artıq təkcə iqtisadi deyil, milli təhlükəsizlik məsələsidir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra dünya bazarında ərzaq qiymətlərindəki dəyişikliklər bir çox ölkələr kimi Azərbaycanı da daxili istehsalı artırmağa vadar edir".

Deputat əlavə edib ki, müşavirədə diqqət çəkən digər mühüm istiqamət urbanizasiya məsələsi oldu:

"Prezident İlham Əliyevin “kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlamalıdır” fikri əslində hökumətin yeni sosial strategiyasının anonsu kimi qiymətləndirilə bilər. Çünki son illərdə Bakıya və iri şəhərlərə axın regionlarda əmək resurslarının azalmasına, kənd təsərrüfatında işçi çatışmazlığına və kəndlərin boşalmasına səbəb olur. Prezident İlham Əliyevin çıxışından görünür ki, hökumət artıq kənd həyatını iqtisadi baxımdan daha cəlbedici etməyə çalışacaq.

Bu kontekstdə yeni Dövlət Proqramının hazırlanması xüsusi əhəmiyyət daşıyır. Proqramın 2026-2030-cu illəri əhatə etməsi və qısamüddətli, konkret hədəflərə hesablanması onu göstərir ki, hökumət daha çevik idarəetmə modelinə keçmək niyyətindədir. Ən mühüm məqamlardan biri isə bu prosesdə özəl sektorun rolunun artırılmasıdır. Prezident İlham Əliyev açıq şəkildə həm yerli, həm də xarici investorları kənd təsərrüfatına sərmayə qoymağa çağırdı.

Burada diqqət çəkən əsas istiqamətlərdən biri aqroparkların və intensiv təsərrüfat modelinin genişləndirilməsidir. Son illərdə aqroparkların yaradılması məhsuldarlığın artmasına müəyyən təsir göstərsə də, müşavirədə vurğulandı ki, bu hələ kifayət deyil. Məsələn, taxıl üzrə məhsuldarlığın hektardan 3,2 tondan 5 tona çatdırılması hədəfi kifayət qədər ambisiyalı görünür. Eyni yanaşma pambıqçılıqda da tətbiq edilir. Hazırda hektardan 3,6 ton pambıq götürüldüyü halda, məqsəd bunu 5 tona çatdırmaqdır".

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında texnologiya məsələsinə xüsusi yer ayrılması da diqqət çəkir. Süni intellekt, peyk müşahidələri və elektron torpaq xəritələrinin hazırlanması artıq kənd təsərrüfatının klassik idarəçilik modelindən çıxaraq rəqəmsal aqrar idarəetməyə keçidin siqnallarıdır. “Hər bir torpaq sahəsinin pasportu olmalıdır” fikri əslində kənd təsərrüfatında məlumat bazalı idarəetmənin tətbiqinə keçid deməkdir:

"Mühüm istiqamətlərdən biri isə su məsələsidir. Azərbaycan üçün su təhlükəsizliyi artıq ən kritik məsələlərdən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının bərpası, Şirvan və Qarabağ kanallarının yenidən qurulması, müasir suvarma sistemlərinin 300 min hektara çatdırılması planı kənd təsərrüfatında məhsuldarlığı ciddi şəkildə artırmağa hesablanıb.

Müşavirədə səslənən başqa bir vacib mesaj isə kənd təsərrüfatında emal sənayesinin genişləndirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan artıq yalnız xammal ixrac edən ölkə kimi qalmaq istəmir. Xüsusilə pambıqçılıq nümunəsində mahlıc deyil, hazır tekstil məhsullarının istehsalı və ixracı prioritet kimi göstərildi. Bu isə aqrar sektorun sənaye ilə inteqrasiyasını sürətləndirə bilər.

Bütün bunlar göstərir ki, hökumət kənd təsərrüfatını növbəti illərdə iqtisadiyyatın əsas prioritet istiqamətlərindən birinə çevirmək niyyətindədir. Dövlət Proqramına 2 milyard manatdan çox dövlət vəsaitinin, əlavə olaraq isə 3 milyard manatdan artıq özəl investisiyanın cəlb olunmasının planlaşdırılması da bunu təsdiqləyir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti