Bakı. Trend:
Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovanın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib.
Məhkəmənin 8 iyunda keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
