Ağdam. Trend:
Ağdam şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu gün Ağdam şəhərinə köç edən 110 ailəyə sahib olduqları yeni mənzillərin açarları təqdim edilib.
xxx
12:43
Ağdam şəhərinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, səhər saatlarında yola düşən 110 ailə artıq Ağdam şəhərinə çataraq yeni yaşayış ünvanlarına yerləşmək üçün qeydiyyat prosedurlarına başlayıb.
Yaxın saatlarda ailələrə mənzillərin açarları təqdim olunacaq.
xxx
06:37
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.
Trend xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 110 ailə (417 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
