Bakı.Trend:
Tovuz rayonunun Qoşa kənd sakini, mina qurbanı Tamam Cəfərova vətəndaşları mina təhlükəsinə qarşı son dərəcə ehtiyatlı olmağa çağırıb.
Trend xəbər verir ki, o, “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı həyat hekayəsindən və mina təhlükəsinin yaratdığı fəsadlardan danışıb.
“Kim desə ki, minadan qaçaram, bu, qeyri-mümkündür. Minaların səssizliyi gürzə ilana bənzəyir. Mina böyük bəladır, onun üzərinə getmək olmaz”, – deyə T.Cəfərova bildirib.
Onun sözlərinə görə, gəncliyinin ən gözəl çağlarında heyvan otararkən mina partlayışının qurbanı olub.
“Tovuzun Qoşa kəndində doğulmuşam. Heyvanları otararkən gəncliyimin ən gözəl çağında minaya düşmüşəm. Hazırda dərzilik fəaliyyəti ilə məşğulam. Layihə çərçivəsində mənə naxışvurma aparatı təqdim olunub və bu dəstək peşə fəaliyyətini genişləndirməsinə imkan yaradıb”.
Mina qurbanı eyni zamanda şair olduğunu və müəllifi olduğu şeirlər kitabının nəşr edildiyini də diqqətə çatdırıb.
T.Cəfərova Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu qeyd edərək vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
