Bakı. Trend:
Avropada birbaşa xarici investisiyalar 2025-ci ildə 7% azalıb.
Trend xəbər verir ki, bu barədə Ernst & Young (EY) konsaltinq şirkətinin hesabatında bildirilir.
Tədqiqatda deyilir ki, qlobal miqyasda geosiyasi qeyri-sabitlik və makroiqtisadi qeyri-müəyyənlik investorların ehtiyatlı davranmasına səbəb olub: "Bu, Avropada da özünü göstərir: Respondentlərin 41%-i geosiyasi gərginlikləri və münaqişələri Avropanın investorlar üçün cəlbediciliyinə əsas risk kimi göstərib, halbuki bu rəqəm 2025-ci ildə 35%, 2024-cü ildə isə 27% təşkil edib".
Respondentlərin üçdə birindən çoxu (35%) iqtisadi artımın yavaşlamasını, dövlət borcunun artmasını və enerji qiymətlərinin artmasının yaratdığı inflyasiya təzyiqlərini əsas problemlər kimi qeyd edirlər.
Lakin, qeyri-müəyyən qlobal mühitə baxmayaraq, Avropa xarici investisiyalar üçün davamlı və cəlbedici bir məkan olaraq qalır. 2025-ci ildə Avropa regionu 5000-dən çox yeni layihə cəlb edib və sorğuda iştirak edən rəhbərlərin əksəriyyəti (60%) Avropanın cəlbediciliyinin növbəti üç il ərzində yaxşılaşacağını gözləyirlər".
Hesabatda deyilir ki, bu, regionun uzunmüddətli fundamental göstəricilərinə, o cümlədən infrastrukturuna və böyük potensial bazarına olan davamlı inamı əks etdirir.
Fransada birbaşa xarici investisiyalar 2025-ci ildə 17%, Böyük Britaniyada isə 14% azalıb.
Almaniyaya investisiya 10% azalaraq 17 illik minimuma çatıb və azalma ardıcıl səkkizinci ildir ki, qeydə alınıb. Bunun səbəbləri yüksək vergilər, əhəmiyyətli əmək və enerji xərcləri və sərt bürokratik prosedurlar sahəsində islahatların olmamasıdır. Almaniyaya investorların əksəriyyəti ABŞ-dandır, əvvəllər isə Çin birinci yeri tuturdu.
EY Almaniya şirkətinin rəhbəri Henrik Ahlers bildirib ki, Almaniya iqtisadiyyatı illərdir yalnız bir istiqamətdə hərəkət edir: "Aşağıya doğru. Zəif satış və mənfəət, qeyri-müəyyən iqtisadi şərtlər bir çox şirkəti investisiyaları təxirə salmağa və ya tamamilə ləğv etməyə məcbur edir"
2025-ci ildə Polşaya birbaşa xarici investisiyalar 10%, İspaniyaya 7%, Türkiyəyə isə 20% artıb.
