Bakı.Trend:
“Cedars-Sinai” Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, gənclərdə qəfil ürək dayanması yaşlı pasiyentlərlə müqayisədə daha çox irsi genetik mutasiyalarla əlaqəlidir.
Trend xəbər verir ki, tədqiqatın nəticələri “JACC: Clinical Electrophysiology” jurnalında dərc olunub.
Qəfil ürək dayanması ürəyin elektrik fəaliyyətində baş verən pozğunluq nəticəsində yaranır və bu zaman orqan qanı effektiv şəkildə vurmağı dayandırır. Belə vəziyyət sürətlə inkişaf edir və təcili tibbi yardım göstərilmədiyi halda əksər hallarda ölümlə nəticələnir.
Aparılan tədqiqatın müəllifləri xəstəliyin nə dərəcədə irsi DNT dəyişiklikləri ilə bağlı olduğunu müəyyən etmək üçün qəfil ürək dayanmasından sağ çıxmış üç mindən çox insanın genomunu təhlil ediblər. Araşdırma zamanı alimlər ürək ritminin təhlükəli pozğunluqları riskini artıran mutasiyalara malik 15 geni müəyyən ediblər.
Genetika ilə ən güclü əlaqə gənc pasiyentlərdə müşahidə olunub. Yaşı 29-dan az olan iştirakçıların təxminən 10 faizində potensial təhlükəli mutasiyalar aşkarlanıb. Yaş artdıqca bu göstərici azalır: 70 yaşdan yuxarı pasiyentlərdə belə dəyişikliklər yalnız 3 faiz hallarda qeydə alınıb.
Tədqiqatçıların sözlərinə görə, bu nəticələr müxtəlif yaş qruplarında qəfil ürək dayanmasının səbəblərinin fərqli olduğunu göstərir. Gənclərdə bu vəziyyət daha çox ürəyin anadangəlmə fəaliyyət pozğunluqları və irsi mutasiyalarla bağlı olur. Yaşlı insanlarda isə əsas rolu ürək-damar xəstəlikləri – məsələn, arteriyaların tutulması, ürəyin işemik xəstəliyi və yaşla əlaqədar digər patologiyalar oynayır.
