ABŞ silah ehtiyatlarını artırmaq üçün volfram mənbələri axtarır

Dünya xəbərləri Materials 26 May 2026 05:58 (UTC +04:00)

Bakı. Trend:

ABŞ İrana qarşı müharibə zamanı istifadə olunan silah ehtiyatlarını bərpa etmək məqsədilə volfram mənbələrini fəal şəkildə axtarır.

Trend xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, volfram qırıcı təyyarələrin, bunker dağıdan bombaların, zirehdələn mərmilərin və raket sistemlərinin istehsalında istifadə olunur. Bildirilir ki, 2015-ci ildən etibarən ABŞ-də bu metalın hasilatı ilə məşğul olan heç bir mədən qalmayıb. Məlumatda, həmçinin vurğulanır ki, Çin həm volfram hasilatı, həm də emalı sahəsində dünya lideridir.

Hazırkı şəraitdə ABŞ Koreya Respublikasında yerləşən volfram mədəninin fəaliyyətini yenidən bərpa etməyə çalışır. Bildirilir ki, Amerika şirkəti “Almonty Industries” ölkənin şərqində yerləşən və 30 il bağlı qalan mədəndə yenidən fəaliyyətə başlayıb.

Şirkətin baş direktoru Luis Blek “NBC News”a bildirib ki, son onilliklərdə əsasən hərbi-sənaye kompleksində istifadə olunan volframa texnologiya sektorunda da tələbat artıb.

Aprelin sonunda “The Wall Street Journal” yazıb ki, ABŞ İranla müharibə zamanı 1000-dən çox “Tomahawk” raketi, eləcə də THAAD və “Patriot” sistemləri üçün 1500–2000 arası hava hücumundan müdafiə raketi sərf edib. Nəşrin məlumatına görə, bu ehtiyatların tam bərpası altı ilə qədər davam edə bilər.

Xəbər lenti

Xəbər lenti