Bakı. Trend:
Prezident İlham Əliyevin kənd təsərrüfatına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanda regionların inkişafı, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının gələcək strategiyası baxımından mühüm mesajlar kimi qiymətləndirilir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, çıxışın əsas məqamlarından biri kəndlərdən şəhərlərə axının sürətlənməsi və bunun dövlət üçün ciddi sosial-iqtisadi problem kimi dəyərləndirilməsi oldu:
"Prezident İlham Əliyevin bu prosesi “mənfi meyil” adlandıraraq bildirib ki, əsas məqsəd kəndlərdən şəhərlərə deyil, əksinə şəhərlərdən kəndlərə qayıdışın təmin edilməsidir.
Bu yanaşma göstərir ki, hökumət regionların inkişafını yalnız infrastruktur layihələri ilə məhdudlaşdırmaq niyyətində deyil. Son 20 ildə qazlaşdırma, elektrik, su təchizatı, yollar, məktəblər və xəstəxanalarla bağlı böyük layihələr həyata keçirilsə də, kənd təsərrüfatında son illərdə müşahidə olunan durğunluq narahatlıq doğurur. Prezident İlham Əliyevin sözlərindən aydın olur ki, artıq yeni mərhələdə əsas diqqət məhsuldarlığın artırılmasına, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının daha gəlirli sahəyə çevrilməsinə yönələcək."
Politoloq qeyd edib ki, çıxışda diqqət çəkən əsas məqamlardan biri ərzaq təhlükəsizliyi məsələsi oldu:
"Dünyada müharibələr, logistika problemləri, enerji böhranı və iqlim dəyişiklikləri fonunda dövlət daxili istehsalı artırmağı strateji məsələ hesab edir. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər göstərir ki, Azərbaycan bəzi məhsullar üzrə özünü tam təmin edə bilsə də, xüsusilə buğda, bitki yağı, kərə yağı və bəzi ət məhsulları üzrə idxaldan asılılıq qalır. Məsələn, ölkənin buğda ilə özünü təminetmə səviyyəsinin cəmi 55 faiz olması Prezident İlham Əliyev tərəfindən “qəbuledilməz” kimi qiymətləndirildi. Bu isə yaxın illərdə taxılçılığın əsas prioritet sahələrdən biri olacağını göstərir".
A. Qarayev qeyd edib ki, eyni zamanda çıxış kənd təsərrüfatında texnologiya və müasir idarəetmənin əhəmiyyətinin artdığını da nümayiş etdirdi:
"Prezident İlham Əliyevin torpaqların elektron analizinin aparılması, süni intellekt və peyk texnologiyalarından istifadənin vacibliyini vurğuladı. Bu yanaşma onu göstərir ki, hökumət kənd təsərrüfatını ənənəvi üsullardan daha çox rəqəmsal və innovativ modelə keçirmək niyyətindədir. Su təminatı ilə bağlı səsləndirilən fikirlər də xüsusi diqqət çəkir. Yeni su anbarlarının tikintisi, Qarabağ və Şərqi Zəngəzurda su infrastrukturunun bərpası, Şirvan və Qarabağ kanallarının yenidən qurulması kənd təsərrüfatının gələcək inkişafı üçün əsas şərtlərdən biri hesab olunur. Prezidentin açıqladığı planlara əsasən, yaxın illərdə yüz minlərlə hektar torpaq müasir suvarma sistemləri ilə təmin edilə bilər ki, bu da məhsuldarlığın ciddi şəkildə artmasına səbəb olacaq".
Politoloq qeyd edib ki, çıxışda özəl sektorun rolu da xüsusi vurğulandı.
"Prezident İlham Əliyev həm yerli, həm də xarici investorları kənd təsərrüfatına sərmayə qoymağa çağırdı və bildirdi ki, dövlət bu sahədə güzəştli kreditlər, subsidiyalar və digər dəstək mexanizmlərini davam etdirəcək. Təxmini hesablamalara görə, qarşıdakı proqram çərçivəsində dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu isə kənd təsərrüfatının yaxın illərdə Azərbaycanın əsas iqtisadi prioritetlərindən biri olacağını göstərir.
Ümumilikdə Prezident İlham Əliyevin çıxışı onu deməyə əsas verir ki, hökumət kənd təsərrüfatını yalnız aqrar sahə kimi deyil, həm də regionların inkişafı, məşğulluq, ərzaq təhlükəsizliyi və sosial sabitlik baxımından strateji istiqamət hesab edir. Qarşıdakı illərdə qəbul ediləcək yeni Dövlət Proqramının əsas məqsədi isə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, idxalı azaltmaq və regionlarda yaşayışı daha cəlbedici etmək olacaq", - deyə o qeyd edib.
