Bakı. Trend:
Dağıstanda 8 yaşayış məntəqəsində 1 091 yaşayış evi, 1146 həyətyanı sahə və 70 yol hələ də su altında qalıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Martın 28-29-u və aprelin 5-də yağan leysan yağışlar nəticəsində Dağıstanda torpaq sürüşmələri və daşqınlar baş verib, yollara və körpülərə ciddi ziyan dəyib. Leysan yağışları eyni zamanda yüzlərlə evlərin su basmasına, su və elektrik təchizatında fasilələrə səbəb olub.
Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hidroloji vəziyyətin fasiləsiz monitorinqi aparılır, suyun kənarlaşdırılması üzrə işlər təşkil edilib. Xilasedicilər zərərçəkənlərə yardım göstərir, ərzaq və zəruri tələbat malları çatdırırlar. Suyun çəkildiyi ərazilərdə isə fövqəladə xidmətlər digər işlərə başlayıb – suyun çəkilməsi, ərazilərin təmizlənməsi və tullantıların daşınması, dezinfeksiya və sanitariya işləri aparılır.
