Bakı.Trend:
Biləcəri qəsəbəsinin giriş hissəsində yerləşən mühüm yol qovşaqlarından biri hesab edilən Biləcəri dairəsinin müxtəlif istiqamətlərinə “sarı tor” nişanlama xətləri çəkilib.
Trend-in məlumatına görə, dairənin ətrafına “sarı tor” nişanlama xətlərin çəkilməsinə yaxın həftələrdə başlanılıb.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Trend-ə açıqlamasında bildirib ki, qeyd edilən ərazidə yarana biləcək sıxlığın, həmçinin baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə BŞDYPİ tərəfindən mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.
“Həmin ərazidə əsasən, sürücülərin yol ayrıcını kobud şəkildə pozması nəticəsində sıxlıq yaranır. Sözügedən nişanlama xətti tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir. Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq olunur",-deyə o qeyd edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək məqsədilə 1.25 - “sarı tor” nişanlanma xətləri təşkil edilib.
“Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbininə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya sarı tor nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Bu məqsədlə “sarı tor” çəkilir. “Sarı tor” yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir.
Beləliklə, “sarı kəsişmə torları” yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır”.
