...

ABŞ və Britaniya liderləri Hörmüz boğazının gələcəyini müzakirə edib

Dünya xəbərləri Materials 10 Aprel 2026 15:24 (UTC +04:00)
ABŞ və Britaniya liderləri Hörmüz boğazının gələcəyini müzakirə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran, ABŞ və İsrail arasında müvəqqəti atəşkəsin davam etməsi fonunda Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Donald Trump Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirə ediblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat dərc olunub.

Liderlər Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlı telefon danışığı aparıblar.

“Bu axşam baş nazir Qətərdən prezident Trampla danışıb. Baş nazir Fars körfəzi ölkələrinin liderləri və regionun hərbi strateqləri ilə apardığı danışıqlar barədə məlumat verib. Bu danışıqlarda Hörmüz boğazında gəmiçilik azadlığının bərpasının zəruriliyi, eləcə də Böyük Britaniyanın tərəfdaşları bir araya gətirərək real fəaliyyət planı hazırlamaq cəhdləri müzakirə olunub”,- məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər atəşkəsə nail olunduqdan və boğazın açılması barədə razılaşma əldə edildikdən sonra növbəti mərhələyə- həll yollarının axtarışına keçilməsinə dair razılaşıblar.

“Liderlər gəmiçiliyin ən qısa zamanda bərpası üçün praktik planın hazırlanmasının vacibliyini müzakirə ediblər. Onlar yaxın zamanda daha bir görüş keçirmək barədə razılığa gəliblər”,- məlumatda vurğulanır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti