...

UNESCO Qəzzada təcili yardım üzrə geniş miqyaslı proqrama start verildiyini elan edib

Dünya xəbərləri Materials 11 Aprel 2026 07:33 (UTC +04:00)
UNESCO Qəzzada təcili yardım üzrə geniş miqyaslı proqrama start verildiyini elan edib

Bakı. Trend:

UNESCO Qəzzada təcili yardım üzrə geniş miqyaslı proqrama start verildiyini elan edib. Proqram çərçivəsində mədəni irsin qorunmasına 5,7 milyon dollar ayrılıb. Bu vəsait həm də təhsilin əlçatanlığının bərpasına və yerli mediaya dəstək göstərilməsinə yönəldiləcək.

Trend Birləşmiş Millətlər Təşkilatının Xəbərlər Xidmətinə istinadla xəbər verir ki, təşkilat gələcəkdə bu vəsaiti 116,5 milyon dollara çatdırmağı planlaşdırır. Məqsəd uzunmüddətli bərpa prosesinin təmin edilməsi və əsas ictimai institutların gücləndirilməsidir.

Müharibə nəticəsində Qəzzanın mədəni irsi ciddi zərər görüb. 164 mədəni və tarixi obyekt zədələnib, onların bir çoxu isə Fələstin kimliyinin mühüm simvollarıdır. UNESCO Qəzzanın Köhnə şəhərində təmir işləri aparır və dağıntıları təmizləyir. Artıq beş obyekt möhkəmləndirilib, daha yeddisində işlər davam edir. Dağıntılar peyk vasitəsilə izlənir, yerli mütəxəssislər isə irsin təcili qorunması üsulları üzrə təlim keçirlər.

Təşkilat əhalinin psixoloji vəziyyətinə də diqqət yetirir. Evlərini tərk etmiş 8 mindən çox uşaq, yeniyetmə və valideyn mədəni və yaradıcı proqramlar vasitəsilə psixososial dəstək alıb. Gələcəkdə 21 min nəfərə dəstək göstərilməsi və yerli rəssamlara qrantların ayrılması nəzərdə tutulur.

Qəzzada təhsil sistemi ağır vəziyyətdədir. Ali təhsil və peşə hazırlığı sahəsinə dəyən zərər 379 milyon dollar dəyərində qiymətləndirilir. Kampusların 80 faizdən çoxu dağıdılıb və ya zədələnib. Tələbələrin böyük əksəriyyəti psixoloji dəstəyə ehtiyac duyur, müəllimlərin isə çoxunun daimi yaşayış yeri yoxdur.

Bu şəraitdə uşaqlar üçün riyaziyyat və ərəb dili üzrə oyun əsaslı tədris proqramları həyata keçirilir, sosial-emosional inkişaf təşəbbüsləri tətbiq olunur. Yuxarı sinif şagirdlərinə imtahanlara hazırlaşmaq üçün 1000-dən çox planşet verilib.

Virtual kampusun yaradılması ali təhsilin qismən bərpasına imkan verib. Artıq tələbələrin təxminən 20 faizi bu sistemə qoşulub. Gələcəkdə 30 mindən çox insanın distant təhsil alması mümkün olacaq. Bundan əlavə, 5 müvəqqəti tədris məkanında 13 min 800 tələbə oxuyur, onların təxminən 7 mini qadındır.

Jurnalistlərə də dəstək göstərilir. 60 faizi qadın olmaqla 1000-dən çox media əməkdaşı psixoloji yardım alıb. 200 jurnalist üçün texniki avadanlıq alınıb. Təxminən 600 nəfər peşəkar bacarıqlar üzrə təlim keçib.

Yaxın vaxtlarda Qəzzada daha 1000 jurnalistə kompleks dəstək göstərilməsi planlaşdırılır.

UNESCO bildirir ki, dağıntıların miqyası uzunmüddətli beynəlxalq dəstəyi zəruri edir. Təcili tədbirlər artıq nəticə verir, lakin mədəniyyətin, təhsilin və medianın tam bərpası üçün əlavə dəstək lazımdır.

Xəbər lenti

Xəbər lenti