Bakı. Trend:
TRIPP (Sülh və Rifah Naminə Tramp Marşrutu -red) layihəsinin tikinti mərhələsində Ermənistana üçüncü ölkələrdən tərəfdaşlar lazım olacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında bildirib.
O, bununla ABŞ Dövlət Departamentinin Ermənistanın layihənin realizəsi üçün Vaşinqton və üçüncü ölkələrlə əməkdaşlıq etməsi barədə bəyanatını şərh edib.
“Ümid edirik ki, yaxın zamanda növbəti mərhələyə - tikinti mərhələsinə keçəcəyik. Bu mərhələdə bizə üçüncü ölkələrdən tərəfdaşlar lazım olacaq. Müqavilənin özü ikitərəfli olacaq - Ermənistan və ABŞ arasında olacaq, lakin inşaat prosesində, eləcə də ehtimal ki, sistemlərin idarə olunması mərhələsində daha geniş beynəlxalq iştirak tələb olunacaq”, - deyə Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, TRIPP layihəsi üzrə Ermənistan və ABŞ arasında iş intensiv rejimdə davam edir və hazırda dövlətlərarası sazişin razılaşdırılması mərhələsindədir. Nazir əlavə edib ki, layihə Çindən tutmuş Portuqaliyaya qədər bir sıra ölkələrin, o cümlədən Yaxın Şərq dövlətlərin maraq dairəsindədir.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
