...

Polkovnik İlqar Əhmədoğlu Quliyevin anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2026 15:12 (UTC +04:00)
Polkovnik İlqar Əhmədoğlu Quliyevin anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Azərbaycan təhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqar Əhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbir mərhum polkovnikin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra çıxış edənlər İlqar Quliyevin zəngin həyat yolu, dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti və publisistik yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov İlqar Quliyevin həyat və xidmət yoluna həsr olunan “Zabit ömrü” kitabının hazırlanmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət etmiş belə şəxslər haqqında əsərlərin ərsəyə gəlməsi onların xidmətlərinin unudulmadığını göstərir. C.Xəlilov qeyd edib ki, İlqar Quliyev ölkənin çətin dövrlərində ordu sıralarında xidmət göstərib, publisistik yazıları ilə cəmiyyətin diqqətini cəlb edib və uzun müddət “Milli Təhlükəsizlik nəşriyyatı”na rəhbərlik edib.

“Azərbaycanın fədakarlıq məktəbi” layihəsinin rəhbəri, dövlət təhlükəsizlik orqanlarının veteranı Elşad Həsənov isə çıxışında İlqar Quliyevin peşəkarlığı və insani keyfiyyətlərindən bəhs edib. O, mərhumun dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrdə böyük nüfuz qazandığını vurğulayıb və “Zabit ömrü” kitabının yubileyədək hazırlanmasını mühüm hadisə kimi dəyərləndirib.

Kitabın rəyçisi Elşad Qoca (İsayev) İlqar Quliyevi 1981-ci ildən tanıdığını bildirərək onun dövlət sərhəd qoşunlarındakı xidmətlərini yüksək qiymətləndirib. O, mərhum polkovniki həssas, prinsipial və əsl zabit kimi xarakterizə edib.

Yazıçı-jurnalist Mahir Cavadlı İlqar Quliyevlə birgə fəaliyyəti dövründə formalaşan peşəkar münasibətlərdən söz açıb, onunla bağlı xatirələrini bölüşüb. Yazıçı-publisist Nurəddin Ədiloğlu isə İlqar Quliyevin vaxtsız vəfatının böyük itki olduğunu qeyd edərək onun yüksək insani keyfiyyətlərini xüsusi vurğulayıb.

Tədbirin sonunda mərhumun ailə üzvləri, müəllimi və qələm dostları çıxış ediblər. Ailə üzvləri İlqar Quliyevin xeyirxah əməlləri ilə qürur duyduqlarını bildirərək, onun xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti