Bakı. Trend:
Küveytin əl-Şuveyx limanında narkotik təsirli “tanbak” saqqızı ilə yüklənmiş iki konteyner ələ keçirilib.
Trend-in “əl-Ray” qəzetinə istinadla verdiyi məlumata görə, adı açıqlanmayan Asiya ölkəsindən gətirilən və idxalı qadağan olunmuş məhsulun ümumi çəkisi 29 ton təşkil edib. Saqqız 581 min ədəd kisədə yerləşdirilib.
Küveytdə “tanbak” adlanan bu məhsul betel (və ya areka) ağacının fındığından hazırlanır və Cənub-Şərqi Asiya ölkələrində geniş yayılıb. Onun tərkibindəki arekolin və nikotin maddələri psixoaktiv və narkotik təsirə malikdir.
Mütəxəssislər bildirirlər ki, “tanbak” saqqızının müntəzəm istifadəsi ağız boşluğu xərçəngi də daxil olmaqla müxtəlif səhiyyə risklərinə səbəb ola bilər.
Küveyt gömrük və hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhlükəsizlik araşdırmalarına başlayıb.