Bakı. Trend:
Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev İran tərəfinə başsağlığı verib.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Baş nazirin müavini bu gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə baş tutan telefon danışığı zamanı İslam İnqilabının Ali Rəhbərinin və çox sayda İran vətəndaşının şəhadəti münasibətilə başsağlığı verib.
Ş.Mustafayev bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu və onların kədərini bölüşdüyünü ifadə edib.
Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
