Bakı. Trend:
Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və rayonun idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə məktəbin idman nailiyyətlərini özündə əks etdirən sərgi ilə tanış olub, şahmatçıların yarışını izləyiblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançıları və onların məşqçilərini 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, gələcək yarışlarda onlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Xaçmaz rayonunda da idmanın inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər uğurla icra olunur.
Digər çıxış edənlər ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.
Tədbir çərçivəsində yeniyetmə və gənc idmançılar müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər.
Sonda bir qrup idmançı və məşqçi-müəllim idman sahəsində qazandıqları nailiyyətlərə görə Fəxri Fərman, Təşəkkürnamə və xatirə hədiyyəsi ilə mükafatlandırılıb. Həmçinin Xaçmaz rayonunda idmanın inkişafına göstərdiyi dəstəyə görə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə idman ictimaiyyəti adından xatirə hədiyyəsi təqdim olunub.